Türkiyəli tanınmış müğənni İbrahim Tatlıses 5 il əvvəl məruz qaldığı silahlı hücumdan Fətullah Gülən camaatının öncədən xəbərdar olduğunu açıqlayıb.
Lent.az-ın sözcü.com.tr-yə istinadən məlumatına görə, Tatlısəs ona silahlı hücum edən Abdullah Uçmakın hadisədən bir neçə ay qabaq azadlığa çıxdığını deyib. O, bildirib ki, A. Uçmak azadlığa çıxar-çıxmaz izlənilməyə başlanıb, telefonları dinlənilib: “Bu işi hazırda FETÖ-çu kimi axtarışda olan prokuror Cihan Kansız aparıb. Cihan Kansız və polis orqanlarında olan FETÖ-çular A. Uçmakın mənə sui-qəsd hazırladığını öncədən biliblər. Onlar mənim hökumətə yaxın insan olduğum, AKP-dən deputatlığa namizədliyimi verdiyimə görə bu silahlı insidentin qarşısını almayıblar".
Qeyd edək ki, İbrahim Tatlısəsə 2011-ci ildə Abdullah Uçmak tərəfindən sui-qəsd edilmiş, sənətçi başından vurulmuşdu.