Gürcüstanda qasırğa ilə müşahidə olunan güclü külək fəsadlar törədib.
APA-nın yerli bürosunun məlumatına əsasən, paytaxt Tbilisidə və bölgələrdə güclü külək iri gövdəli ağacları kökündən çıxarıb, Tbilisidə restoranın, Tercola və Qori şəhərlərində isə məktəblərin dam örtüklərini uçurub. Xəsarət alan yoxdur. Kəskin hava şəraiti ilə bağlı “112” xidmətinə Tbilisi və müxtəlif bölgələrdən 200-ə yaxın zəng daxil olub.
Ətraf mühit üzrə Milli Agentliyin proqnozuna əsasən, sabah da Gürcüstan ərazisində güclü külək olacaq. Küləyin gücü saniyədə 25-30 metr təşkil edəcək. Güclü küləyin sürətinin martın 10-da səhər saatlarında azalacağı gözlənilir. Qonşu ölkənin xilasetmə xidmətləri fövqəladə iş rejiminə keçib. Ölkə əhalisinə güclü küləklə bağlı xəbərdarlıq edilib.