Rusiyanın Ankaradakı səfirliyinin qarşısında Krımın Rusiyaya birləşdirilməsinin üçüncü ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilib.
APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, aksiya Krım tatarları QHT-lərinin Assosiasiyası tərəfindən təşkil olunub. Mitinqə Türkiyənin müxtəlif bölgələrində yaşayan onlarla etnik tatar qatılıb.
Assosiasiya rəhbəri Tuncər Kalkanın sözlərinə görə, Krım və Krım tatarları heç vaxt işğalla barışmayacaqlar, yarımadanın Rusiyaya birləşdirilməsinə qarşı isə etiraz aksiyaları bundan sonra da davam etdiriləcək.
Etirazçılar Moskvanın Ukraynaya qarşı sürdüyü siyasətə etiraz olaraq Rusiya səfirliyinin binası qarşısına qara gül çələngi qoyublar.
Qeyd edək ki, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bundan əvvəl Ankara-Moskva münasibətlərinin normallaşmasına baxmayaraq iki ölkə arasında, Krım məsələsi də daxil olmaqla, prinsipial məsələlər üzrə fikir ayrılığının olduğunu qeyd edib.