“Taliban” silahlılarının Almaniyanın Əfqanıstanın Məzəri-Şərif şəhərindəki konsulluğuna hücumu nəticəsində 2 nəfər ölüb, azı 80 nəfər yaralanıb.
APA-nın “New York Times”a istinadən verdiyi xəbərə görə, alman diplomatlarının konsulluq üçün istifadə etdikləri “Mazar Hotel” otelinin qarşısında törədilən birinci partlayışın ardınca binanın daxilində ikinci güclü partlayış baş verib.
Hadisə yerinə NATO hərbçiləri cəlb olunub, otelin yaxınlığında atışma baş verib. Alyansın nümayəndəsi binanın ciddi zərər çəkdiyini bildirib.
“Taliban” nümayəndəsi hücumun ABŞ aviasiyasının Gündüz əyalətinə endirdiyi zərbələrə cavab olduğunu bildirib. Qeyd edək ki, noyabrın 3-də ABŞ aviasiyasının Gündüz əyalətinə endirdiyi zərbələr nəticəsində 30 dinc sakin ölüb.
***** 00.33
“Taliban” silahlıları Almaniyanın Əfqanıstanın Məzəri-Şərif şəhərindəki konsulluğuna hücum ediblər.
APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində 1 nəfər ölüb, 29 nəfər yaralanıb.
“Terrorçu-kamikadze minalanmış avtomobillə konsulluq binasının divarına çırpılıb”, - deyə yerli polis idarəsinin rəisi Səid Kamal Sədət bildirib.
Xəsarət alanların arasında əcnəbilərin olması barədə xəbər yoxdur.