ABŞ yeni “F-35A Lightning II” tipli qırıcı-bombardmançı təyyarələrini Avropaya göndərəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun məlumatında bildirilir.
“ABŞ Hərbi-Hava Qüvvələri Avropada keçiriləcək təlimlərə məhdud sayda “F-35A Lightning II” təyyarələri göndərəcək. Təyyarələr ABŞ və NATO-nun digər təyyarələri ilə bir neçə həftə təlimlərdə iştirak edəcək”, - deyə məlumatda bildirilir.
Təyyarələr göndərilməsi avropalı müttəfiqlərə zəmanət proqramı çərçivəsində həyata keçiriləcək. Bu proqram “Rusiyanın təcavüzkarlığı” ilə mübarizə aparmaq təşəbbüsü ilə çıxış etmiş Barak Obama administrasiyası tərəfindən irəli sürülüb.
“F-35” təyyarələri 2020-ci illərin əvvəllərindən etibarən Avropada daimi əsasda yerləşdiriləcəklər.
Vaşinqton bir neçə ildən sonra İŞİD-lə mübarizə çərçivəsində Yaxın Şərqdə də “F-35” təyyarələrini yerləşdirmək niyyətindədir.