<b>ABŞ-dan bloger Lapşinin Bakıya ekstradisiyası məsələsinə reaksiya </b>
18 yanvar 2017 01:36 (UTC +04:00)

ABŞ-dan bloger Lapşinin Bakıya ekstradisiyası məsələsinə reaksiya

“Bloger Aleksandr Lapşinin ekstradisiyasına dair məsələləri bu prosesə cəlb olunmuş ölkələr şərh etməlidir. Bununla belə, ABŞ söz azadlığının qorunmasının vacib olduğunu xatırladır”.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi bildirib.    

 

“Yaxşı olardı ki, bu barədə konkret aidiyyatı ölkələr danışsın. Söz azadlığı bizim üçün önəmlidir”, - deyə Con Kirbi ABŞ-ın bloger Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiyası məsələsinə münasibəti ilə bağlı suala cavabında bildirib.    

 

Xatırladaq ki, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov ötən gün bloger Lapşinin ekstradisiyasının sırf hüquqi müstəvidə baxılan məsələ olduğunu qeyd edib: “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq, Azərbaycan sərhədlərini qanunsuz olaraq keçmiş, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik nümayiş etdirmiş S.Lapşin barəsində cinayət işi açılıb. Onun barəsində “Interpol” xətti ilə beynəlxalq axtarış elan edilib. MDB çərçivəsində Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il Kişinyov konvensiyası əsasında Belarusda saxlanılmış A. Lapşinin ekstradisiyası üçün müvafiq sənədlər təqdim olunub. Rusiyaya qarşı eyni hərəkətləri törətmiş və onun sərhədlərini qanunsuz keçmiş şəxsə münasibətdə də Rusiyanın hüquq-mühafizə orqanları eyni addımları atardılar”.

 

Bundan əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov məsələ ilə bağlı qeyd edib ki, Moskva istənilən jurnalist və şəxsin dünyanın istənilən yerində hər hansı yeri ziyarət etməsini kriminallaşdırılmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin əleyhinədir.  O, həmçinin, Moskvanın hər-hansı ölkədə saxlanılan Rusiya vətəndaşlarının üçüncü ölkəyə ekstradisiyasının əleyhinə olduğunu bildirib.  

 

Qeyd edək ki, A. Lapşin Azərbaycan tərəfinin sorğusu əsasında Minskdə saxlanılıb. Onun adı 2013-cü ildə Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısı”na daxil olunub. Buna səbəb blogerin digər əcnəbilərlə Dağlıq Qarabağa qanunsuz səfər etməsidir. 2015-ci ildə Lapşin Ukrayna pasportu ilə Azərbaycan ərazisinə Gürcüstandan keçib. Pasportda Aleksandr adı Ukrayna dilinə uyğun Oleksandr yazıldığı üçün Lapşin Azərbaycana maneəsiz daxil ola bilib. Azərbaycan tərəfi “Dövlət sərhədinin pozulması haqqında” qanunu pozduğu üçün blogeri beynəlxalq axtarışa verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 239
avatar

Oxşar yazılar