Prezident Donald Trampın inauqurasiyasından sonra ABŞ-ın müxtəlif şəhərlərində keçirilən qadın haqlarına dəstək aksiyalarına iki milyonadək etirazçı qatılıb.
APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, paytaxt Vaşinqtonda təşkil olunan aksiyada planlaşdırıldığından iki dəfə çox - 500 minədək etirazçı iştirak edib.
Polis Los-Ancelesdəki yürüşə də yarım milyonadək insanın qatıldığını bildirsə də, təşkilatçılar etirazçıların sayının 750 minə çatdığını iddia edirlər. Nyu-Yorkdakı aksiyada da 500 mindən çox etirazçının iştirak etdiyi bildirilir.
Çikaqo və Bostonda 150 minədək, Mayami, Denver, Sietl, Filadelfiya və digər şəhərlərdə on minlərlə insan küçələrə çıxıb.
“Qadın marşı” dünyanın bir çox şəhərlərində - Berlin, Paris, Roma, Vyana, Cenevrə, Amsterdam, Nayrobi, Sidney, Melburn, Tokio, Helsinki və digər şəhərlərdə dəstəklənib.
“Qadın marşı” hətta Antarktidada təşkil olunub.