Dördüncü kateqoriyaya qədər güclənən “Harvi” qasırğası ABŞ-ın Texas ştatına çatıb.
APA-nın xəbərinə görə, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi bildirib.
Hazırda qasırğanın episentrində küləyin sürətinin saniyədə 60 kilometrə çatdığı bildirilir. Məlumata əsasən, “Harvi” Texas sahillərinə yaxın Mustanq adasında yerləşən Port-Aranzas şəhərində ciddi fəsadlar törədib.
“Harvi” son 12 ildə ABŞ-da qeydə alınan ən güclü qasırğadır. 2005-ci ildə beşinci kateqoriyalı “Katrina” qasırğası Luiziana ştatının Yeni Orlean şəhərinin 80%-i su altında qoymuşdu. Təbii fəlakət nəticəsində 2 000 nəfər ölmüş, daha 1 milyonadək insan evini tərk etməyə məcbur olmuşdu.
***
ABŞ-ın Texas ştatına yaxınlaşan “Harvi” qasırğası dördüncü kateqoriyaya qədər güclənib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hazırda qasırğanın episentri ştat sahillərindən təxminən 70 km şərqdə yerləşir, küləyin sürəti saniyədə 60 kilometrə çatır.
Texas ştatının qubernatoru Qreqq Ebbot 30 dairədə fövqəladə vəziyyət rejiminin tətbiq edildiyini bəyan edib. “Harvi” qasırğasının regionda ciddi fəsadlar törədəcəyi gözlənilir.