2016: Dünyanın yaddaqalan hadisələri
29 dekabr 2016 11:30 (UTC +04:00)

2016: Dünyanın yaddaqalan hadisələri

Yola salmağa hazırlaşdığımız 2016-cı il dünyada bir çox hadisələrlə yadda qaldı. APA TV-nin xəbərinə görə, ilin ən yaddaqalan hadisələri arasında ABŞ-da prezident seçkilərinin keçirilməsindən tutmuş, Suriya və İraqda müharibələr, İŞİD terror qruplaşmasının Avropa ölkələri və Türkiyədə törətdiyi terror aktları, eləcə də bir çox dünya liderinin ölümləri var.
 
* * *
 
2011-ci ildən Suriyada başlayan siyasi böhran bu il də öz həllini tapmadı və 6 ilə yaxındır davam edən müharibə belə görünür ki, 2017-ci ildə də davam edəcək. Bu il Suriyanın ən böyük şəhəri olan Hələb uğrunda Suriya hökuməti, müxalifət və kürd döyüşçülər arasında mübarizə kəskinləşdi. 2012-ci ildən üsyançıların əlində olan Hələb dekabrın sonunda tamamilə hökumət qüvvələrinin nəzarətinə keçdi. Savaş bu il də minlərlə günahsız insanın ölümünə səbəb oldu. Bombardman nəticəsində Şərqi Hələbdən 300 min insan köçdü. Suriya ordusu Rusiyanın köməyi ilə vacib şəhər olan Palmiranı da işğaldan azad edə bildi.
 
* * *
 
İraqın Fəlluca şəhərində İŞİD-ə qarşı mübarizə 2016-cı ilin ən böyük döyüşlərindən biri oldu. İraq ordusu 2014-cü ilin əvvəlindən İŞİD-ın nəzarətinə keçən Fəllucada üstünlüyü ələ almaq üçün gərgin döyüşdü. ABŞ Hava Hücumundan Müdafiə Qüvvələrinin də köməyi ilə Fəlluca tamamilə İraq ordusunun əlinə keçdi.
 
* * *
 
Geridə qoymağa hazırlaşdığımız ilin ən yadda qalan hadisələrində biri də dünyanın ən nəhəng dövlətinə növbəti 4 ildə rəhbərlik edəcək şəxsin adına aydınlıq gətirilməsi oldu. Belə ki, Donald Trampla Hillari Klinton arasında gedən mübarizə gözlənilməz nəticə ilə yekunlaşdı və ABŞ üçün xarakterik olmayan Tramp qələbə qazandı. Respublikaçı milyarderin ABŞ-ın 45-ci prezidenti kimi inauqurasiya mərasimi 2017-ci il yanvarın 20-də olacaq.
 
* * *
 
Avropa üçün gözlənilməz xəbər isə Böyük Britaniyadan gəldi. Britaniya Avropa İttifaqından çıxdı. Ölkənin Aİ-də qalıb-qalmayacağına dair referendum keçirildi və seçicilərin 52 faizi Brexit-ə - Aİ-dən çıxmağa səs verdi. Ölkənin qurumdan çıxmasının əleyhinə olan baş nazir Devid Kemeron referendumdan sonra istefa verdi və onu Tereza Mey əvəzlədi.
 
* * *
 
2016-cı il Türkiyə üçün çox çətin oldu. Ölkənin ən iri şəhərlərində, Ankarada, İstanbulda ard-arda terror aktları törədildi. Fevralın 17-də paytaxt Ankaranın Qızılay meydanında törədilən terror aktı nəticəsində 28 nəfər öldü, 61 nəfərdən çox insan yaralandı. Heç bir ay keçməmiş Qızılayda növbəti terror aktı törədildi. Nəticədə 30 nəfər həlak oldu, 125-dən çox insan yaralandı.
 
İstanbulun Beşiktaş səmtində kamikadzelərin özlərini partlatması nəticəsində 38 nəfər həlak oldu, 166-dan çox adam yaralandı. Həlak olanların 30-u polis əməkdaşı idi.
 
Kayseridə hərbçiləri daşıyan avtobusunun partladılması nəticəsində 13 hərbçi həlak oldu, 55 nəfər yaralandı.
 
İyunun 28-də axşam saatlarında İstanbuldakı Atatürk Hava Limanına üç terrorçu hücum etdi. Hücum zamanı terrorçular da daxil olmaqla 47 nəfər öldü, 238 nəfər yaralandı. 29 iyunda Türkiyədə milli matəm elan edildi.
 
20 gün keçməmiş - iyulun 15-də axşam saatlarında Türkiyə yenidən titrədi. Ölkədə hərbi çevrilişə cəhd oldu. Nəticədə qiyamçılardan savayı, 246 vətəndaş öldürüldü, 2 mindən çox adam isə yaralandı. Hökumət çevrilişə cəhddə nurçuların ABŞ-da yaşayan lideri Fətullah Güləni günahlandırdı. Araşdırmalar nəticəsində 10 mindən çox gülənçi həbs edildi.
 
* * *
 
Rusiya təyyarəsinin türklər tərəfindən vurulması ilə pisləşən münasibətlər Ərdoğanın üzr istəməsindən sonra normallaşdı. Rusiya tərəfi Türkiyəyə qoyduğu sanksiyaları götürdü, iki ölkə arasında əlaqələr yenidən bərpa edildi. Amma hadisələr göstərdi ki, münasibətlərin yaxşı olması bəzi qüvvələrin ürəyincə deyil. İlin sonunda Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Ankarada öldürüldü. Qatilin polis olduğu müəyyənləşdi. Həm Türkiyə, həm də Rusiya tərəfi hadisəni terror aktı kimi qiymətləndirdi. 
 
* * *
 
Şərq ölkələrini terror yuvasına çevirən İŞİD Avropada da əl-qol açdı. Martın 22-də İŞİD Belçika paytaxtı Brüsselin hava limanında 2 güclü partlayış törətdi. 3-cü partlayış isə bir qədər sonra "Malbek" metro stansiyasında oldu. Terror aktları nəticəsində 32 nəfər dünyasını dəyişdi.
 
* * *
 
Nitsada isə iyunun 14-də sürücü yük maşınını atəşfəşanlığa tamaşa etmək üçün toplaşmış insanların üzərinə sürdü. Nəticədə terror aktı qurbanlarının sayı 84 nəfər oldu, 100-dən çox insan yaralandı.
 
* * *
 
Bu ilk hadisə olmadı. Almaniyanın paytaxtı Berlində yük maşını yeni il yarmarkasının keçirildiyi əraziyə hücum etdi. Nəticədə 12 nəfər dünyasını dəyişdi, 50 nəfər isə yaralandı. Sürücü Pakistan əsilli idi.
 
* * *
 
 
2016-cı il bir çox liderlərin itkiləri ilə də yadda qaldı. Kuba inqilabçısı və siyasətçisi Fidel Kastro bu il noyabrın 26-da 90 yaşında dünyasını dəyişdi. 1959-cu ildə Kuba diktatorunu devirib hakimiyyətə gələn Fidel Kastro 2006-cı ildə səhhətində yaranan problemlərlə əlaqədar olaraq səlahiyyətlərini qardaşı Raul Kastroya verib vəzifədən getmişdi. Kastronun ölümündən sonra ölkədə 9 gün matəm elan olundu.
 
* * *
 
Özbəkistan prezidenti İslam Kərimov 79 yaşında dünyasını dəyişdi. Ölümünə səbəb isə insult oldu. İslam Kərimov 1990-cı ildən Özbəkistana rəhbərlik edirdi.
 
* * *
 
Yəhudi dövlətinin 10-cu prezidenti, Nobel mükafatı laureatı Şimon Peres 93 yaşında dünyasını dəyişdi. O, 2007-2014-cü illərdə İsrailin prezidenti olub, buna qədər isə bir neçə dəfə nazir vəzifələrini icra edib.
 
* * *
 
Əfsanəvi  boksçu Məhəmməd Əli 75 yaşında dünyasını dəyişdi. O, uzun müddət Parkinson xəstəliyindən əziyyət çəkirmiş.
 
* * *
 
2016-cı il həm də idman aləmində yaddaqalan hadisələr oldu. Avqustun 5-dən 21-dək Braziliyanın Rio De Janeyro şəhərində Yay Olimpiya Oyunları keçirildi. 206 ölkədən 11 mindən çox idmançı 17 gün ərzində öz qüvvələrini sınadı.
 
Yay Olimpiya oyunlarının keçirilməsi isə ölkədə birmənalı qarşılanmadı. Ölkədə istefalar baş qaldırdı. Braziliya Senatı prezident Dilma Russefin impiçmentinə səs verdi. Mişel Temer prezident seçildi.
 
* * *
 
Bu il həm də bir ilklə tarixə düşdü. Roma Papası Fransisk və Rusiyanın Patriarxı Kirilin Kubanın paytaxtı Havanada ilk görüşü baş tutdu. Bu, hər iki dini liderin ilk görüşü idi. Bu görüşdə dini liderlər birgə Bəyannamə imzalayıb dünyada, xristian və müsəlman ölkələrində törədilən terror aktlarını pislədilər.
 
* * *
 
Təəssüf ki, 2016-cı il terrorla, münaqişələrlə zəngin oldu. ABŞ-ın yeni prezidenti Donald Trampın Rusiya ilə münasibətləri normallaşdıracağına dair verdiyi vədlər hər kəsə ümid verir ki, 2017-ci ilin sülh və sabitlik ili ola biləcəyinə az da olsa, inanaq. Əlvida, 2016! Xoş gəldin, 2017!
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 496

Oxşar yazılar