İyulun 3-də Türkiyə mediası ölkədə müxtəlif texnoloji vasitələrdən istifadə edərək xarici vətəndaşlar haqqında məlumat toplayan “Mossad agentlərinin böyük şəbəkəsi”nin ifşa edildiyini bildirib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Türkiyənin xarici kəşfiyyatı MİT bir neçə aylıq diqqətli müşahidədən sonra “agentləri” üzə çıxardığını iddia edir, onlardan 7-si həbs edilib və məlumata görə, cinayətlərini etiraf edib.
Məlumata görə, agentlər GPS-dən istifadə etməklə əcnəbi vətəndaşların nəqliyyat vasitələrinə nəzarət etməklə məlumat toplayıb, həmçinin onları maraqlandıran məlumatları axtarmaq üçün parolla qorunan şəbəkələrə müdaxilə ediblər.
Türkiyədə və onun hüdudlarından kənarda “Mossad” agentləri arasında bütün əlaqə İspaniya, Böyük Britaniya, İsveç, Almaniya və Belçikada mövcud olmayan insanların üzərində qeydə alınan mobil telefonlar vasitəsilə həyata keçirilib. Bu əməliyyata ərəb əsilli israilli Soliman Aqbariya nəzarət edib.
Türkiyə kəşfiyyatı həmçinin müəyyən edib ki, “Mossad” məlumat toplamaq və hədəfləri işarələmək üçün İstanbuldan ərəb əsilli agentləri Livan və Suriyaya göndərib ki, sonradan İsrail pilotsuz təyyarələrini onlara yönəldib.