ABŞ-ın Texas ştatının Kolleyvil şəhərindəki sinaqoqda naməlum şəxsin girov götürdüyü insanların hamısı azad edilib.
Lent.az xəbər verir ki, bunu Texas qubernatoru Qreq Abbott “Twitter”də bildirib.
“Dualar cavablandırıldı. Bütün girovlar sağ-salamat azadlıqdadır", deyə Abbott yazıb.
“Fort Worth Star-Telegram” konqresmen Beth van Dyneyə istinadən məlumat verib ki, insanları girov götürən şəxs ölüb. Lakin bu xəbər rəsmən təsdiqini tapmayıb.
Bəzi məlumatlara görə, naməlum şəxs terrorizmdə təqsirli bilinən pakistanlı alim Aafia Saddikinin qardaşıdır. Saddikinin vəkili isə bu məlumatların doğru olmadığını bildirib.
***
06.12
Şənbə günü ABŞ-ın Texas ştatının Kolleyvil şəhərindəki sinaqoqda naməlum şəxsin girov götürdüyü insanlardan bi nəfəri azad edilib.
Lent.az xəbər verir ki, bu barədə şəhər polisinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, hələlik girovlardan kimsə xəsarət almayıb:
“Federal Təhqiqatlar Bürosunun əməkdaşları şübhəli şəxslə danışıqları davam etdirirlər. Binada daha üç girov qalıb. Girov götürülməsindən altı saatdan çox vaxt keçir”.
Qeyd edəkki, yerli media silahlı şəxs terrorizmdə təqsirli bilinən Aafia Siddikkanın qardaşı olduğunu iddia edir və onun azadlığa buraxılmasını tələb edir. Siddikka Texasdakı Hərbi Hava Qüvvələrinin bazasında cəza çəkir. O, 2010-cu ildə ABŞ əsgərini öldürməyə cəhdə görə 86 il azadlıqdan məhrum edilib. “Əl-Qaidə” terror qruplaşması ilə əlaqədə şübhəli bilinir.
Hazırda xüsusi xidmət orqanları şübhəlinin şəxsiyyətini müəyyənləşdirir.
***
01:11
Ağ Ev Texas ştatının Kolleyvil şəhərindəki sinaqoqda naməlum şəxsin insanları girov götürdüyü hadisəni izləyir.
Lent.az CNN-ə istinadən xəbər verir ki, polisin məlumatına görə, indiyədək heç kim xəsarət almayıb.
Kəşfiyyat orqanları hadisəni törədən şəxsin kimliyini müəyyənləşdirir.
ABC telekanalı dörd nəfərin, o cümlədən bir ravvin girov götürüldüyünü bildirib. Girov götürən şəxsdə partlayıcı olduğunu iddia edir.
Cinayətkarın terrorizmdə təqsirli bilinən bacısının həbsdən azad edilməsini tələb edir.
***
00:39
ABŞ-ın Texas ştatının Kolleyvil şəhərində naməlum şəxs sinaqoqdakı insanları girov götürüb.
Lent.az xəbər verir ki, bu barədə “BNO News” telekanalı məlumat yayıb.
Naməlum şəxs sinaqoqa heç kimi buraxmır, əks halda girovları öldürəcəyi ilə hədələyir.
Onun silahlı olduğu bildirilir.
Polis və xüsusi təyinatlılarla yanaşı, Federal Təhlükəsizlik Bürosunun əməkdaşları da hadisə yerinə cəlb edilib.