İraqın paytaxtı Bağdad yenə qarışdı, Ötən gün Müqtəda əs-Sədr tərəfdarları paytaxt küçələrinə çıxaraq etiraz aksiyası keçirdilər. Vəziyyət o həddə çatdı ki, etirazçılar Prezident Sarayına hücum etməkdən belə çəkinmədilər. Bağdadda komendant saatı elan edildi. Etirazçıların üzərinə qoşun yeridildi. Onlarla əs-Sədr tərəfdarı isə həlak oldu. Bu gün isə İraq şiələrinin lideri Müqtəda əs-Sədr siyasətdən getdiyini açıqladı. Onun özünün isə Tehrana sığındığı bildirilir.
Bəs kimdir bu Müqtəda əs-Sədr və ümumiyyətlə Sədrlər ailəsi? Niyə zaman-zaman İraqın və tərəddüd etmədən desək, dünya xəbər gündəmini zəbt edirlər? Jurnalist, Yaxın Şərq üzrə ekspert Kənan Rövşənoğlunun Lent.az-a bildirdiyinə görə, Sədrlər nüfuzlu ailədir. Uzun illər bu ailədən böyük islam alimləri, təqlid mərcaları çıxıb.
“Muqtədanin atası Sadiq Sədr nüfuzlu alim olub, İraqda cümə namazları, şəriət məhkəmələrini bərpa etmişdi. Səddam Hüseynə qarşı açıq şəkildə sözünü, tənqidini deyirdi. Ona görə də, 1999-cu ildə iki oğlu ilə birlikdə avtomobildə qətlə yetirildi. Ondan əvvəl isə əmisi oğlu, Ayətullah Baqir Sədr və bacısı, islam alimi Bint əl-Huda qətlə yetirilmişdi. Müqtəda ilə Amerika işğalından sonra məşhurlaşdı”.
Müqtəda əs-Sədr 1973-cü il avqust ayının 12-də İraqın Bağdad şəhərində anadan olub. Qeyd edildiyi kimi o, Məhəmməd Sadiq əs-Sədrin 4-cü oğludur. Müqtəda atası sağ ikən Nəcəf şəhərindəki dini seminariyada təhsil alırdı. Təhsilini tamamlamadığına görə, dini rütbə əldə edə bilməyən Müqtəda ABŞ əleyhinə çıxışları ilə dünyada tanınmağa başlayır. Natiqlik qabiliyyətinin zəif olmasına baxmayaraq, istəyi və xarizmasının köməyi ilə böyük şiə kütlələrini arxasınca apara bilir.
Sədr qrupunun bünövrəsi, əsasən yoxsul şiələrdən ibarətdir. Bağdaddakı Sədr səmti Sədr ailəsinin qalası kimi tanınır. Atasının qətlə yetirilməsindən sonra Müqtəda atasının yolunu davam etdirərək, özünü onun xeyriyyə və sosial işlərə həsr edir. Müqtəda əs-Sədrin tərəfdarları Səddam Hüseynin devrilməsindən sonra yaranan boşluğu doldurmaq üçün hərəkətə keçirlər.
Başda ABŞ olmaqla koalisiya qüvvələrinin İraqı işğal etməsindən sonra işğala qarşı mübarizə aparan Müqtəda əs-Sədr özünü tanıdır. Paytaxt Bağdadın işğal edilməsindən iki gün sonra uzun illər İngiltərədə yaşayan və İraqa qayıdan şiə din xadimi Əbdülməcid əl-Xoyinin qətlində günahlandırılır. Ancaq Müqtəda əs-Sədr ona qarşı sürülən ittihamları rədd edir. Əslində, Əs-Sədrin Əbdülməcid əl-Xoyi ilə münasibətləri Əlinin Nəcəf şəhərində yerləşən məqbərəsində idarəçiliyi ələ almaq üstündə meydana gəlmişdi. Belə ki, sözügedən məqbərə şiə zəvvarların başlıca ziyarət etdiyi məkanlardan biri sayılırdı ki, bu da öz növbəsində külli miqdarda gəlir demək idi.
Müqtədanın Əli əs-Sistani ilə də münasibətləri yaxşı deyildi. Belə ki, Əli əs-Sistani Kərbəla şəhərində xüsusi nüfuza sahib idi. Müqtəda isə burada da pay sahibi olmaq niyyətini gizlətmirdi.
2003-cü ilin oktyabrında əs-Sədr tərəfdarları Kərbəla şəhərində nəzarəti ələ almağa çalışır. Ancaq Müqtədanın “Mehdi Ordusu” əs-Sistaninin “Bədr Ordusu”nun güclü müqaviməti ilə qarşılaşır. Yaranan gərginlik nəticəsində “Mehdi Ordusu” məğlub olur və xeyli itki verir.
Kənan Rövşənoğlunun dediyinə görə, 2004 və 2006-cı illərdə onun rəhbərlik etdiyi “Mehdi ordusu” ABŞ ordusuna qarşı ciddi müqavimət göstərirdi. Daha sonra Səddam tərəfdarları və radikal qruplarla savaşdı. “2006-ci ildə hərbi əməliyyatlarım Nəcəfə qədər gəlməsi onu narahat etdi və müharibənin dayandırılması barədə qərar qəbul olundu.
Sədr isə bir az incik düşdü, ordusunu buraxdı. Amma “Sədr hərəkatı” adlı blokla davam etdi, seçkilərə qatılaraq parlamentdə yer qazandı. Amma özü deputat və ya siyasi, dövlət vəzifəsi tutmadı. 2014-ci ilə İŞİD İraqda yenidən fəallaşanda Sədr yenidən hərbi qüvvələrini bərpa etdi. Sülh qrupları adlı birləşmə yaratdı, İŞİD-ə qarşı vuruşdu. Eyni zamanda İraqda korrupsiya və rüşvətxorluğa qarşı bir neçə kütləvi aksiyalar keçirdi. Son seçkilərdə ən çox mandat qazanıb, 54 yer. Son illərdə İranla münasibətləri soyuqlaşıb. Ərəb ölkələri ilə münasibətləri qaydaya salmağa çalışıb”.
Müqtədaya atasından böyük bir miras qalmışdı. Atasının xeyriyyə işini davam etdirmək qərarına gələn Müqtəda İraqda hərbi əməliyyatların başa çatdığı elan edildikdən sonra paytaxt Bağdadın yenidən qurulması üçün öz köməyini təklif edir. O, paytaxtdakı məktəb və xəstəxanaların bərpası işində yaxından kömək göstərmək istədiyini bildirir.
Müqtəda əs-Sədr haqda bir neçə mif dolaşır. Məsələn onlardan biri əs-Sədrin Səddam Hüseynin edamı zamanı ipin şəxsən özünün onun boynuna salması barədədir. Bunu bəzi xarici ekspertlər və kəşfiyyat qurumları da zaman-zaman mediaya bildiriblər.
Kənan bəyin dediyinə görə, edam zamanı Səddam Hüseynin boynuna ipi onun salması barədə köhnə zamanlarda rəvayətlər dolaşırdı. Amma bunu nə təsdiq, nə də inkar edilib. “Bir az əfsanəyə bənzəyir. Amma ola da bilər. Atası və qardaşlarının qisasını almaq üçün. Amma yenə deyirəm, bu barədə hər hansı bir ciddi mənbədən təsdiq və ya inkar olmayıb”.
Bəs əs-Sədr, Sədr hərəkatı bitdimi? Tehrandan Bağdada hansısa növbəti de-marş necə, ola bilərmi? Bax, bunu demək çətindir Çünki Şərq incə məsələdir.