Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili həbsdə olarkən səhhətinin “kəskin şəkildə pisləşdiyini” və indi “ölmək üzrə olduğunu” deyib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, o, bu barədə “Politico” qəzetinə yazdığı məqalədə qeyd edib.
“Həbsdə olanda səhhətim kəskin şəkildə pisləşdi. Mən indi ölürəm. Sistematik olaraq fiziki və psixoloji işgəncələrə məruz qalmışam və hazırda bədənimdə ağır metal zəhərlənməsi əlamətləri var. 20-dən çox ciddi xəstəlikdən əziyyət çəkirəm”.
Saakaşvili vurğulayıb ki, 2021-ci ilin oktyabrında Gürcüstana qayıdanda o, “54 yaşlı sağlam, enerjili kişi” idi. “Ölkədən kənarda lazımi tibbi yardım almasam, tezliklə öləcəyim getdikcə aydınlaşır”, deyib.
O, ABŞ və beynəlxalq ictimaiyyəti “Gürcüstan hökumətinə diplomatik təzyiq göstərməklə onun həyatını xilas etmək üçün mümkün olan hər şeyi etməyə” çağırıb.