Böyük Britaniyada "Thorne Island" satışa çıxarılıb. Birləşmiş Krallıq sahillərində, Pembrokeşire yaxınlığında yerləşən adanın qiyməti 3 milyon funt sterlinq (təxminən 4 milyon ABŞ dolları) təşkil edir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, sahəsi 1 hektar olan ada gələcək sahibinə tam məxfilik və təcrid olunmuş həyat vəd edir.

Adaya yalnız qayıq və ya helikopterlə çatmaq mümkündür. Ərazidə beş şəxsi körpü və ayrıca helikopter meydançası mövcuddur.
Adanın mərkəzində II dərəcəli tarixi memarlıq abidəsi statusuna malik, təxminən 750 kvadratmetr sahəsi olan qala yerləşir. Kərpicdən inşa edilən tikilidə odun sobası, tağvari tavanlar, beş yataq otağı, qonaq və yemək otaqları var. Qala eyni vaxtda 20 nəfərə qədər qonaq qəbul edə bilir.
Bundan başqa, ərazidə emalatxanalar, qazanxana, anbarlar, beş hamam otağı, şüşə fasadlı ofis və damda yerləşən bar da istifadəyə verilib.
Ada hazırda hotel kimi qeydiyyatdan keçdiyi üçün yeni sahibi onu kommersiya məqsədilə də istifadə edə bilər. Ərazi təbiət həvəskarları üçün də cəlbedici hesab olunur. Burada mağaralar, qumlu çimərliklər, balıqçılıq və su idmanı üçün əlverişli məkanlar yerləşir.
Adanın digər üstünlüyü isə tam müstəqil enerji sisteminə malik olmasıdır. Burada 250 min litrlik yağış suyu toplama sistemi, günəş panelləri və 100 kVt/saat tutumlu akkumulyator sistemi quraşdırılıb.