Tokio polisi restoranlardan birinin menecerini girov götürən şəxsi həbs edib.
Lent.az-ın xəbərinə görə, bu barədə NHK kanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, Akito Araki adlı şəxs paytaxtdakı restoranlardan birinə müştəri kimi daxil olub. Bir müddət sonra o, menecerə guya üzərində bomba olması ilə bağlı qeyd yollayıb və onu bıçaqla təhdid edib.
Restoranın bütün müştəriləri təxliyə olunub. Hadisə yerinə gələn polis Araki ilə 3 saat danışıq aparıb. Bu zaman meneceri təhlükəsiz əraziyə çıxarmaq mümkün olub. Bunun ardınca polis tüstü bombasından istifadə edərək restorana daxil olub. Zorakılıq edən şəxsin əlində 2 bıçaq və mobil telefona yapışqanlı lentlə bağlanmış qutu olub.
Polisdə dindirmə zamanı o, barəsində ölüm hökmü çıxarılması üçün belə addım atdığını bildirib.