NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın tanınmasını pisləyib.
Lent.az-ın xəbərinə görə, bu barədə NATO Baş katibinin bəyanatında qeyd olunub.
Bildirilib ki, bu qərar Ukraynanın suverenliyini və ərazi bütövlüyünü zədələyir, münaqişənin həlli istiqamətində səyləri zəiflədir və Rusiyanın tərəfdar olduğu Minsk razılaşmalarını pozur.
"2015-ci ildə Rusiyanın da daxil olduğu Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə tam hörmət etdiyini təsdiqləyib. Donetsk və Luqansk Ukraynanın bir hissəsidir", bəyanatda vurğulanıb.
NATO-nun Baş katibi bildirib ki, hərbi alyans Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. "Müttəfiqlər Rusiyanı mümkün qədər sərt şəkildə, diplomatiya yolunu seçməyə, Ukrayna və onun ətrafına kütləvi hərbi birləşmələri toplamağı dərhal dayandırmağa və beynəlxalq öhdəliklərinə uyğun olaraq qoşunlarını Ukraynadan çıxarmağa çağırır", Stoltenberq bildirib.