Minlərlə həvəskarın 31 ildir axtardığı xəzinə, “Qızıl Bayquş” tapılıb.
Lent.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Axtarışlar 1993-cü ildə Fransada nəşr olunan “Qızıl Bayquşun İzi ilə” kitabı ilə başlayıb. Ən azı 150 min avro dəyərində qızıl, gümüş və brilyantdan hazırlanmış on kiloqramlıq heykəl - qiymətli bayquşun yerini tapmaq üçün 11 tapmacanın həlli tələb olunub. 12-ci tapmaca isə artıq heykəlin yerini göstərməli imiş.
Dünyada ən azı 200 min insan “Qızıl Bayquş”un sirrini açmağa çalışıb, lakin tapmacaların çox mürəkkəb olduğu ortaya çıxıb. Kitabın müəllifi Regis Hauzer, özünün başlatdığı xəzinə axtarışının başa çatmasına qədər yaşamayıb.
İndi xəzinənin yerini tapan adam “Bayquş” haqqında şifrələnmiş məlumatlarla illüstrasiyalar yaradan və qiymətli heykəli hazırlayan rəssam Mişel Bekkerlə görüşmək istəyir.