Kolumbun abidəsi yerli qadınlara aid heykəllə əvəz olunacaq
09 sentyabr 2021 08:22 (UTC +04:00)

Kolumbun abidəsi yerli qadınlara aid heykəllə əvəz olunacaq

Meksikanın paytaxtı Mexiko şəhərinin ən sıx küçələrindən biri olan Paseo de la Reforma prospektində ucaldılmış Kristofer Kolumbun heykəli meksikalı heykəltəraş Pedro Reyesin yerli qadınlara həsr etdiyi abidə ilə əvəz olunacaq.

APA “Artnews”a istinadən xəbər verir ki, bunu şəhərin meri Klaudia Şeynbaum Pardo bildirib.

Nəşr qeyd edir ki, 19-cu əsrdə yaradılmış tunc fiqur Amerikanın müstəmləkəçilik dövründə səyyahın da rolunun olduğunu düşünən etirazçıların tez-tez hədəfinə çevrilirdi. Ötən ilin oktyabr ayında şəhər rəhbərliyi planlaşdırılan bərpadan əvvəl onu postamentdən götürüb. Bu isə fiqurun artıq öz yerinə qayıtmayacağı barədə söz-söhbətə səbəb olub.

Ötən həftənin bazar günü yerli xalqların Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bir tədbirdə Şeynbaum Pardo bildirib ki, Kolumbun abidəsinin yerində Meksikanın ən nüfuzlu qadınlarına həsr olunmuş abidə quraşdırılacaq, bu isə yaranmış söz-söhbəti təsdiqləmiş olub.

“Biz onlara borcluyuq. Onların sayəsində varıq. Bu, ölkəmizin və Vətənimizin tarixidir”, - mer belə deyib.

Ehtimal olunur ki, yeni abidə ABŞ-da Ko Günü kimi tanınan 12 oktyabr tarixində ucaldılacaq.

# 1107
avatar

Oxşar yazılar