Arxeoloqlar Baltik dənizindəki uzaq və kimsəsiz adada Roma imperatorlarının iki gümüş sikkəsini tapıblar.
Lent.az xəbər verir ki, Stokholmdakı Sedertern Universitetinin tədqiqatçıları tərəfindən tapılan sikkələr eramızın II əsrinə aiddir və Qotska-Sanden adasında aşkar edilib. Bu tapıntı ekspertlərin marağına səbəb olub. “Live Science” məlumat verir ki, onlar İsveçlə Estoniya arasında yerləşən kimsəsiz adaya Roma imperiyası dövrünə aid sikkələrin necə düşdüyünü araşdırırlar.
Yohan Rennbinin rəhbərlik etdiyi arxeoloqlar qrupu müəyyən edib ki, bu ada vaxtilə gəmilərin qəzaya uğradığı və dəniz quldurlarının olduğu məkan olub. Tapılan sikkələr isə Roma imperatorları Trayan və Antonin Piyin dövrünə aiddir. Güman edilir ki, onları adaya dəniz fırtınasından sığınan Norveç tacirləri gətiriblər. Daha bir versiya ondan ibarətdir ki, adanın sahilində gəmi qəzaya uğrayıb və xilas olan dənizçilər sikkələri buraya gətiriblər. Romalıların adaya səyahət etməsi versiyası isə ən az ehtimal olunandır. Onların Baltik dənizinə səyahəti barədə heç bir yazılı mənbə yoxdur. Rennbi hesab edir ki, o zamanlar romalılar Şotlandiyaya səyahət edirdilər və son ehtimalı da istisna etmək olmaz.
Arxeoloqlar qrupu bu il adaya bir daha qayıtmağı planlaşdırır və uzaq adanın tarixinə aid yeni tapıntılar ümidindədir. Sikkələrin mənşəyi haqqında hər hansı informasiya olmasa da, bu adanın ticarət məntəqəsi və ya dənizçilər üçün sığınacaq olması ehtimalları yaranıb.