Çeçenistanın rəhbəri Ramzan Kadırov məmurları respublika sakinlərinin borclarını mağazalarda ödəməyə çağırıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, o, regionun sosial-iqtisadi inkişafı ilə bağlı geniş tərkibdə keçirilən iclasda müvafiq təşəbbüslə çıxış edib.
“Mən Xadicatdan (Xadicat Kadırova – Çeçenistanın Hökuməti Administrasiyası rəhbərinin müavini) SMS aldım ki, bir çox insanlar maliyyə imkanlarının olmaması səbəbindən kreditlə mal almağa məcburdurlar. Onları bağlamağa kömək etmək yaxşı olardı. Yaxşı olar ki, hamı ərazi götürüb borclarını ödəsin. Yaşadığım ərazidə mövcud olan borcları ödəyəcəm”, - o, bildirib.
Çeçenistanda “dəftər altında” mal almaq adətdir. İnsanlar yeməkləri, bir qayda olaraq, hamının bir-birini tanıdığı və etimadın yüksək olduğu kiçik məhəllə mağazalarından alırlar. Borcları bağlamaq ideyası Çeçenistan üçün yeni deyil - yüksək gəlirli insanlar, Kadırovun çağırışından sonra da daxil olmaqla, dəfələrlə yoxsullara kömək ediblər. İslam dininə görə, müqəddəs ayda edilən əməllər çoxaldığından, xeyirxah əməllər xüsusilə Ramazan ayında edilir.