Son üç il yarımda Ermənistan ordusunda 144 hərbçi ölümü qeydə alınıb.
Lent.az-ın Ermənistan mediasına istinadla verdiyi xəbərə görə, bu ölümlər birbaşa xidmətlə bağlı olub.
Ermənistanın Baş Prokurorluğunun məlumatına görə, ölüm hallarının 86-sı 2020-ci və 2021-ci ilin 8 ayında qeydə alınıb.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycan ordusunun möhtəşəm qələbəsi ilə başa çatan müharibədə ölənlər bu statistikaya daxil edilməyib.
Beləliklə, 2018-ci ildə Ermənistanda 38 hərbçisi xidmət zamanı ölüb. İddiaya görə, onların 7-si Azərbaycan ordusunun atəşi nəticəsində ölüb, biri qətlə yetirilib, 11 hərbçi intihar edib, 5 nəfər avtomobil qəzasında ölüb, 2-si silahdan istifadə qaydalarının pozulması nəticəsində, 3-ü xəstəlikdən, 2-si hərbi xidmət qaydalarının pozulması, 1-i minaya düşməsi, 3-ü bədbəxt hadisə, 2-si uçuş qaydalarının pozulması və ya hazırlıq zamanı həyatını itirib.
2019-cu ildə ölən Ermənistan hərbçilərinin sayı 20 olub. İddiaya görə, 4-ü atəşkəs rejiminin pozulması səbəbindən ölüb. 7 hərbçi intihar edib, 1-i xidmətlə bağlı avtomobil qəzasında həlak olub. Bir hərbçi silahdan istifadə qaydalarının pozulması, 1-i xəstəlikdən, 2-si bədbəxt hadisə nəticəsində ölüb.
2020-ci ildə Ermənistan ordusu müharibə olmadan 60 hərbçisini itirib. Onların 22-nin atəşkəs rejiminin pozulması səbəbindən öldüyü iddia edilir. 13 hərbçi özünü öldürüb, 7-si avtomobil qəzasında həlak olub. Üçünün ölümünə səbəb silahdan istifadə qaydalarının pozulmasıdır. 5-i xəstəlikdən, 1-i hərbi xidmət qaydalarının pozulmasından, 1-i mina partlamasından, 4-ü bədbəxt hadisədən ölüb.
2021-ci il yanvarın 1-dən avqustun 31-dək ermənistan ordusunda 26 ölüm halı qeydə alınıb. İddialara görə, onlardan 9-u Azərbaycan tərəfinin açdığı atəş, 3 hərbçi digər səbəbdən ölüb. 4-ü intihar edib, bu qədər hərbçi avtomobil qəzasında həlak olub. Bir hərbçi silahdan istifadə qaydalarının pozulması nəticəsində həyatını itirib, 2-si xəstəlikdən, 1-i hərbi xidmət qaydalarının pozulmasından, 2-si bədbəxt hadisə nəticəsində ölüb.
Baş Prokurorluqdan sentyabrın 27-dən noyabrın 9-dək davam edən müharibədə ölən hərbçilərinin sayının isə hələ ki tam dəqiqləşdirilmədiyi bildirilib.