Hazırda Los-Ancelesdə baş verən genişmiqyaslı yanğınlar, bu fəlakətlərin müasir dövrə necə təsir etdiyini bir daha gözlər önünə gətirir. Kaliforniya ştatında baş verən bu yanğınlar nəticəsində 24 nəfər həyatını itirib, yüzlərlə ev yanaraq yararsız hala düşüb. Bu, hava şəraitinin dəyişməsi və qeyri-sabit ekologiyanın insanların həyatını necə təhdid etdiyini göstərir.
Dünya tarixi, müxtəlif səbəblərdən ortaya çıxan və geniş əraziləri məhv edən yanğınlarla doludur. Bu təbii və insan əməli nəticəsində baş verən hadisələr, yalnız insanların həyatına deyil, ekosistemdə ciddi dəyişikliklərə də səbəb olur.
Lent.az dünya tarixində baş verən 10 ən böyük yanğını təqdim edir.
10. London yanğını (1666-cı il), İngiltərə
Bu yanğın 1666-cı ilin sentyabrın 2-5-də baş verib. Londonda bu günlər ərzində 13.500 ev yanıb. Təxminən 70 min insanın evsiz qaldığı hesab edilir, çünki həmin dövrdə şəhərdə 80 min insan yaşayırdı, bu isə inanılmaz rəqəmdir. Zərər çəkmiş binalar arasında 80 kilsə də olub.
Qurbanların dəqiq sayı məlum deyil, rəsmi olaraq yalnız bir neçə nəfər qeyd edilib. Bu hadisə Böyük London Yanğını olaraq adlandırılır. Alov məşhur varlılar məhəlləsi olan Vestminsteri təhdid edib. Hazırda bu tarixi hissə Vest-End adlanır. İllər keçsə də, bu fəlakət hələ də İngiltərədə xatırlanır.
9. Lissabon Yanğını (1755-ci il), Portuqaliya
Yanğın 1755-ci il noyabrın 1-də, səhər saat 9:30-da Lissabonda baş verən zəlzələdən sonra meydana gəlib. Həmin gün 90 min insan həyatını itirib.
Portuqaliyadakı zəlzələ yalnız yer titrəyişlərinə deyil, həm də sunamiyə səbəb olub.
İnsanlar təhlükəsiz bölgələrə qaçmağa başlayıblar, amma sahildən çəkilən suyu və quruda dayanan gəmiləri görüblər. Sunamidən təsirlənməyən ərazilərdə isə alov başlayıb. Yanğın beş gün davam edib. Binaların 85 faizi dağılıb, o cümlədən məşhur saraylar da.
8. Çikaqo yanğını (1871-ci il), ABŞ
Böyük Çikaqo yanğını 1871-ci il oktyabrın 8-dən 10-dək davam edib. Alov şəhərin yarısından çoxunu məhv edib. Bu günlər ərzində yüzlərlə sakin həlak olub.
Çikaqodakı yanğın 19-cu əsrin ən böyük yanğınlarından biri hesab olunur. Lakin bütün bunlara baxmayaraq, şəhəri dərhal yenidən tikməyə başlayıblar və o, ABŞ-ın mühüm bir yerinə çevrilib.
Yanğının rəsmi səbəbi elan edilməyib. Lakin dəqiq məlumdur ki, yanğın DeKoven küçəsi 137 ünvanında yerləşən kiçik bir tövlədən başlayıb. Qəzetlərdə fərqli versiyalar yayılıb. Bəziləri inəyin kerosin lampasını aşırdığını, digərləri isə süd oğurlamaq üçün tövləyə girən bir oğrunun ot yığınını yandırdığını iddia edib. Hər halda, diqqətsiz bir hərəkət böyük miqyaslı bir fəlakətə səbəb olub.
7. Boston yanğını (1872), ABŞ
1872-ci il noyabrın 9-da Böyük Boston yanğını baş verib. Yanğın nəticəsində 20 nəfər həlak oldu. Ümumilikdə 776 bina zərər görüb. Maraqlı məqam odur ki, onların arasında Old South Meeting House (Köhnə Cənub yığıncaq evi) binası olmayıb. Şəhər sakinləri bu tikilini yaş dəsmallar və buxar maşını vasitəsilə xilas edə biliblər.
Yanğın nəticəsində şəhərin bir çox sakini küçələrdə qalıb. Bəziləri evlərinin yanıb külə dönməsi, digərləri isə bir çox müəssisələrin fəaliyyətini dayandırması səbəbilə evsiz qalıb. Lakin cəmi iki il ərzində Boston tamamilə bərpa olunub. Bu, Amerikadakı ən böyük yanğınlardan biridir.
6. Tokio yanğını (1923), Yaponiya
Yaponiyada yanğın 8,3 bal gücündə güclü zəlzələ nəticəsində başlayıb. Zəlzələ özü böyük bir fəlakət idi və o, daha da dağıdıcı nəticələrə səbəb olub. Təkandan dərhal sonra sunami meydana gəlib və sahilboyu yaşayış yerlərini yuyub aparıb.
Tokioda güclü külək səbəbindən sürətlə yayılan yanğın başlayıb. Bir ərazidə o qədər çox benzin yanıb ki, alovun hündürlüyü 60 metrə çatıb. Bütün bunları daha da çətinləşdirən isə yeraltı təkanlar zamanı yanğınsöndürmə bölmələrinin və əksər yanğınsöndürmə maşınlarının zərər görməsi olub.
5. Peştiqo yanğını (1871-ci il), ABŞ
1871-ci ilin payızında Amerikada ən böyük fəlakətlər siyahısına daxil edilən bir neçə ciddi yanğın baş verib. Miçiqan gölü sahillərində bir sıra güclü yanğınlar qeydə alınıb.
Peştiqo şəhəri tamamilə məhv olub. Bu şəhər Çikaqodan 600 kilometr uzaqda yerləşirdi. Həmin vaxt 1200-dən 2500-ə qədər insan həlak olub. Lakin bu yanğın haqqında Çikaqo yanğını ilə müqayisədə daha az məlumat var, çünki o, ABŞ-ın əsas şəhərlərindən xeyli uzaqda yerləşirdi.
4. Kalimantan yanğını (1982-ci il), İndoneziya
1982-ci ilin sentyabrında insanlıq tarixində ən böyük meşə yanğınlarından biri İndoneziyanın Kalimantan adasının şərq hissəsini bürüyüb. Yanğın demək olar ki, bir il (10 ay) davam edib. Təxminən 800 min hektar meşə yanıb kül olub və bir çox meşə heyvanları zərər görüb.
Yanğın nəticəsində bir neçə bitki və heyvan növü tamamilə məhv olub. Gibbonlar, oranqutanlar, makakalar, dələlər və quşlar ciddi ziyan çəkib. Bu yanğın öz əsrinin ən böyük yanğınlarından biri olub.
3. Merisvill yanğını (2009-cu il), Avstraliya
Merisvilldə baş verən meşə yanğını nəticəsində 181 nəfər həlak olub. 750 bina tamamilə dağılıb. Yanğın 2009-cu il fevralın 7-də başlayıb. O gündən bəri Avstraliya sakinləri bu günü “qara şənbə” adlandırırlar.
Avstraliya yanğınları tarixində bu hadisə ən çox günahsız insanın həyatına son qoyan faciə olub. Həmin vaxt şəhərdə son əsrin ən yüksək temperaturu qeydə alınıb.
Merisvill şəhərinin yalnız 20 faizi salamat qalıb, qalan hissə alovun təsirindən məhv olub. Yaxınlıqdakı şəhərlər də ciddi zərər görüb.
2. Sibir yanğınları (2019-cu il), Rusiya
Tarixdəki ən böyük meşə yanğınları 2019-cu ildə başlayıb. Sibirdə Rusiyanın beş subyekti fövqəladə vəziyyət elan edilib. Bir ay ərzində yanğın sahəsi Yakutiyada 1,13 milyon hektar, digər regionlarda isə 1,56 milyon hektara çatıb.
Rəsmi məlumatlara görə, insan tələfatı olmayıb. Fövqəladə Hallar Nazirliyinin versiyasına görə, səbəb kiçik yanğın nöqtələrinin söndürülməsində yetərsiz tədbirlər olub. Lakin bəziləri meşələrin bilərəkdən yandırıldığını düşünür. Bəzi insanlar qanunsuz meşə kəsilməsini gizlətmək istəyərək ağacları yandırıblar. Təbii Ehtiyatları naziri isə ən güclü yanğınların səbəbini quruyan fırtınalarla əlaqələndirib.
1. Avstraliya meşə yanğınları (2019-2020-ci illər)
Avstraliyada meşə yanğınları 2019-cu ilin avqustunda başlayıb. Hökumətin fikrinə görə, yanğınların başlaması rekord temperatur və güclü quraqlıqla bağlı olub.
Yanğınlar 2020-ci ilin yanvarında zirvəyə çatıb. O vaxta qədər yanmış ərazilər Danimarka və Belçikanın ümumi sahəsindən daha böyük bir ərazini əhatə edib. Alov, ölkənin əsas şəhərləri olan Kanberra, Melburn və Sidneylə də təhlükə yaradıb. Yanğının tüstüsü digər ölkələrdə də fəsadlar yaradıb. İlin əvvəlində, Avstraliya qitəsindən gələn tüstü Yeni Zelandiyaya və Cənubi Amerikanın dövlətlərinə yayılıb. Alimlər narahatlıqla bildiriblər ki, bu geniş alovlanma hadisəsi bütün planetə təsir göstərə bilər.
7 mindən çox bina yanğından zərər görüb. Lakin ən çox heyvanlar zərər çəkib, təxminən bir milyarddan çox heyvan həlak olub (statistika yalnız məməliləri nəzərə alır, quşlar, həşəratlar, amfibiyalar və s. daxil deyil).