“Fransadakı dini obyektlər, mayın 11-dən sonra - karantin rejimi ləğv edildikdən sonra açılmayacaq. Görünür, bu obyektlər yalnız iyunun ortalarından etibarən fəaliyyətə başlaya biləcək”.
APA “France-Presse”ə istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron çərşənbə axşamı ölkənin dini konfessiyalarının nümayəndələri ilə telekonfrans zamanı bildirib.
Makron qeyd edib ki, iki həftə sonra onları bağlamaq məcburiyyətində qalmamaq üçün mayın 11-də ibadət yerlərini açmaq niyyətində deyilik: “Yazın sonuna qədər kütləvi dini tədbirlər olmayacaq. Karantinin ləğvi paradoksal bir vəziyyətə bağlıdır – sərbəstlik əldə etmək mümkün olacaq, eyni zamanda virusdan qorunma tədbirləri davam edəcək. Buna görə də karantin rejimindən çıxmağı planlaşdırarkən son dərəcə ehtiyatlı olmaq lazımdır”.
Müzakirədə iştirak edən Fransa Protestant Federasiyasının sədri Fransua Klaveroli prezidentin çıxışına istinadən deyib ki, görünür, dini mərkəzlərin fəaliyyətinin bərpa edilməsi yaxın gələcəkdə deyil, iyunda baş verəcək: “İnsanlar üçün heç bir riskin, təhlükənin olmadığına inam yaranmayana qədər dini ibadət yerləri fəaliyyət göstərməyəcək. Fransa prezidenti bizə mərkəzlərin iyunun əvvəlinə və ya ortasına qədər açılmayacağını söylədi”.