Miloş Zeman
16 yanvar 2022 08:21 (UTC +04:00)

Miloş Zeman

Çexiya prezidenti Pekin Olimpiadasını boykot addımını pislədi

Çexiya prezidenti Miloş Zeman qarşıdan gələn XXIV Qış Olimpiya Oyunlarının boykot edilməsinə və olimpiya ideyasından siyasi məqsədlər üçün sui-istifadəyə qarşı çıxış edib. 

Lent.az xəbər verir ki, bu barədə prezident Çinə gedən Çexiya millisinin üzvlərinə videomüraciəti zamanı bildirib.

“Mən Olimpiada ideyasından siyasi məqsədlər üçün sui-istifadənin kökündən əleyhinəyəm. Biz bunu keçmişdə - Moskvada (1980-ci il Yay Olimpiya Oyunları) və Los-Ancelesdə (1984-cü il Yay Olimpiya Oyunları) yaşamışıq. Bu cür boykota yönəlik fikirlər idmançılar tərəfindən deyil, yalnız siyasətçilər tərəfindən səsləndirilir. Düzünü desəm, bəzi siyasi funksionerlər Olimpiadada olmasa, dəhşətli heç nə baş verməyəcək”, deyə prezident vurğulayıb.

Qeyd edək ki, dekabrın 6-da ABŞ 2022-ci il Pekin Olimpiadasını diplomatik boykot elan edib, o cümlədən rəsmilərin Çinə getməsinə icazə verilməyib. Lakin yarışda amerikalı idmançılar iştirak edəcək. ABŞ-ın təşəbbüsü Avstraliya, Böyük Britaniya və Kanada tərəfindən dəstəklənib. Hollandiya da Pekində keçiriləcək Oyunlara hökumət nümayəndə heyətini göndərməmək qərarına gəlib, lakin krallığın səlahiyyətliləri bunu onların boykotları ilə əlaqələndirmir.

Xatırladaq ki, XXIV Qış Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 20-dək, Paralimpiya Oyunları isə martın 4-dən 13-dək keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1221
avatar

Oxşar yazılar