ABŞ-ın Texas ştatında insanları əsl cinslərinə qayıtmaqla bağlı xidmətlər göstərəcək ilk klinika yaradılacaq.
Lent.az xəbər verir ki, bu barədə “NBC News” telekanalı Texasın baş prokuroru Ken Pakstona istinadən məlumat yayıb.
Bildirilir ki, söhbət Texas Uşaq Xəstəxanası ilə istintaq arasında əldə olunan razılaşmadan gedir. Razılaşma xəstəxananın transgender gənclərə göstərdiyi tibbi xidmətlərlə bağlı uzunmüddətli araşdırmanın nəticəsi olaraq bağlanıb.
Mayın 15-də Pakston razılaşmanın əldə olunduğunu elan edərkən bildirib ki, tibb müəssisəsi “əks gender keçidi” klinikası yaratmağa borcludur.
NBC-nin məlumatına görə, əks gender keçidi insanın özünü transgender kimi identifikasiya etməkdən imtina etməsi və ya tibbi keçid prosesini dayandırması deməkdir. Bu halda tətbiq oluna biləcək müdaxilələrə psixoterapiya, hormonal terapiya və cərrahi əməliyyatlar daxildir.
Bundan əlavə, ilk beş il ərzində Texas Uşaq Xəstəxanası pasiyentlərə detranzisiya xidmətlərini pulsuz təqdim etməli olacaq.
İstintaqla razılaşma çərçivəsində xəstəxana əvvəllər uşaqlara gender keçidi ilə bağlı xidmət göstərən beş həkimi işdən çıxarıb. Həmçinin müəssisə belə xidmətlərə görə dövlətin Medicaid proqramına qanunsuz ödəniş hesabları təqdim edilməsi ittihamlarının həlli üçün 10 milyon dollar ödəyəcək.
Ötən ilin yanvarında ABŞ prezidenti Donald Tramp andiçmə mərasimindəki çıxışı zamanı bəyan etmişdi ki, ABŞ hökumətinin rəsmi siyasətinə görə yalnız iki gender mövcuddur. Ağ Ev rəhbərinin bu sözləri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdı.
Həmçinin 2025-ci ilin yanvarında Tramp transgender şəxslərin ABŞ ordusunda xidmət etməsinə icazə verən qaydanı ləğv edən fərman imzalayıb.