Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Kirill Budanov Ukrayna xalqının öz azadlığı uğrunda Rusiyaya qarşı necə mübarizə aparmasından danışıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Budanovun sözlərinə görə, indi Rusiyanın genişmiqyaslı hücum əməliyyatı həyata keçirmək üçün hərbi, iqtisadi və siyasi potensialı yoxdur. Lakin bu, onun ciddi müdafiə əməliyyatları aparmasına və Ukrayna Silahlı Qüvvələrinin hücumunu pozmaq üçün raket toplamaq cəhdinə mane olmur.
“Lakin həqiqət ondan ibarətdir ki, ruslar öz raket ehtiyatlarını demək olar heçə endiriblər”, - o deyib.
Budanov Rusiyanın silahlı qüvvələrini və “Vaqner” özəl hərbi şirkətini müqayisə edərək, muzdluların ən yaxşı hazırlığa sahib olduğunu söyləyib. Eyni zamanda, onların lideri Yevgeni Priqojin siyasi kampaniya aparmaq üçün böyük itkilərdən istifadə edir.
Jurnalistlər Budanovdan Ukrayna xüsusi xidmət orqanlarının bir sıra rusiyalı təbliğatçıların və müharibə tərəfdarlarının aradan qaldırılmasında iştirak edib-etmədiyini soruşublar. Cavab olaraq o, bu məlumatı nə təsdiq, nə də təkzib edib.
“Bu mövzunu davam etdirməyin. Yalnız şərh edəcəyim odur ki, biz rusları öldürmüşük və Ukraynanın tam qələbəsinə qədər dünyanın istənilən yerində rusları öldürməyə davam edəcəyik”, - o əlavə edib.
Onun sözlərinə görə, ruslar informasiya məkanında necə hərəkət etməyi bilirlər. Bunun sayəsində hətta Kremlə xəyali raket hücumu belə təbliğatla “qələbə” kimi göstərilə bilər.