Çinin Lunhuy əyalətində bir kənd sakini axşam yeməyi üçün aldığı ördəyi təmizləyərkən gözlənilməz bir tapıntı ilə qarşılaşıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, kişi quşun mədəsində sarı metal hissəcikləri aşkarlayıb.
Yandırma üsulu ilə aparılan ekspress test nəticəsində tapıntının həqiqətən qızıl olduğu təsdiqlənib. Tapılan qiymətli hissəciklərin ümumi çəkisi təxminən 10 qram olub ki, bu da hazırkı məzənnə ilə təxminən 1800 ABŞ dollarına bərabərdir.
Liu soyadlı kişinin sözlərinə görə, ördək Çenşuy çayı yaxınlığında saxlanılırmış. Bu çay qızıl hasilatı ilə bağlı zəngin tarixə malikdir. Kişi ehtimal edir ki, quş çaydan qızıl tərkibli hissəciklər olan qum və ya lil udub. Ördəyin orqanizmi metalı həzm edə bilmədiyi üçün o, mədədə toplanıb.
Çenşuy çayı 1970–1990-cı illərdə qeyri-rəsmi “qızıl axtarışı” dalğasının mərkəzi olub. Daha sonra hakimiyyət orqanları şəxsi qızıl hasilatını qadağan edib.