Azərbaycanda doğulmuş israilli opera ifaçısı, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının üzvü Kamelliya Qonçarova-İoffe Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib.
Lent.az xəbər verir ki, məktubda deyilir:
“Çox hörmətli cənab Prezident!
İcazə verin, böyük məmnuniyyətlə “Tərəqqi” medalı ilə təltif olunduğum münasibətilə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirim. Müstəqillik tariximizdə ilk dəfə Zəfər qurultayının düşməndən azad edilmiş Qarabağda – Şuşada keçirilməsi bir daha bütün dünyaya göstərdi ki, bu torpaq Azərbaycanın əzəli torpağıdır, ayrılmaz hissəsidir, Qarabağ Azərbaycandır! Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, əbədi yaşayacaq, dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, hamımız – Azərbaycan vətəndaşları, Azərbaycanda və xaricdə yaşayan azərbaycanlılar üçün böyük xoşbəxtlikdir. Şuşaya Zəfər yolu ilə gedən soydaşlarımızla yolboyu erməni vandalizminin şahidi olduq”.
Kamelliya Qonçarova-İoffe məktubunda dövlət başçısının Zəfər qurultayındakı çıxışına da toxunub: “Sizin Dünya Azərbaycanlılarının V Qurultaydakı tövsiyələriniz diaspor təşkilatlarının və nümayəndələrinin qarşısında yeni vəzifələr müəyyənləşdirdi. İnanırıq ki, qurultayda səsləndirilən çağırışlar və müəyyən olunan hədəflər dünyada yaşayan bütün azərbaycanlıların, onların diaspor təşkilatlarının Azərbaycançılıq ideologiyası ətrafında fəaliyyətini və birliyini daha da gücləndirəcək. 60-dan çox ölkədən 400 nəfərdən artıq diaspor fəalının, dövlət rəsmilərinin, mətbuatın, incəsənət xadimlərinin iştirak etdiyi Zəfər Qurultayının yüksək səviyyədə təşkilini təmin edən Azərbaycan dövlətinə, Diasporla İş üzrə Dövlət Komitəsinə öz dərin təşəkkürümüzü bildiririk”.