“Bir postda yoxlanıldıqdan 30 saniyə sonra başqa bir postda yoxlanış olur. Kiyevdə müxtəlif yerlərdə atəş səsləri eşidilir, bu əsasən Kiyevin ətrafında olur”.
Bunu Lent.az-a hazırda Ukraynada olan müstəqil jurnalist Seymur Kazımov bildirib.
Əvvəllər Bakıdan Ukraynaya təyyarə ilə təxminən 3 saata gedildiyini deyən S.Kazımovun sözlərinə görə, müharibə zamanı Ukrayna dövləti hava yollarını bağlayıb:
“Bu səbəbdən Kiyevə getmək üçün çox uzun yol qət etməli olduq. Buna bizim 20 saat vaxtımız getdi. Bakı-İstanbul-Buxarest, sonra Rumıniyaya getdik, oradan isə Ukraynaya keçdik. 8 saat maşınla yol qət etdikdən sonra paytaxta çatdıq. Kiyevə daxil olanda axşam idi. Ukraynada saat 8-dən səhər saat 7-yə qədər komendant saatıdır. Bu hətta akkreditasiyadan keçən jurnalistlərə də aiddir”.
O, əlavə etdi ki, Kiyevdəki vəziyyəti öyrənmək üçün daha çox insanlar arasında olmağa çalışıblar:
“Metroya daxil olub, jurnalist vəsiqələrimizi təqdim etdik. Bizə gecələmək üçün bir vaqon təklif etdilər. Kiyevdə çox ciddi yoxlamalar var, hər yerdə postlar qurulub. Hər addım başı hamını yoxlayırlar. Bir postda yoxlandıqdan 30 saniyə sonra başqa bir postda saxlanılırsan. Kiyevdə müxtəlif yerlərdə atəş səsləri eşidilir, bu əsasən Kiyevin ətrafında olur. İki gündür ki, Odessadayam. Burda da müəyyən postlar var, amma Kiyevdəki kimi yoxlamalar sərt deyil. Biz vəziyyəti daha yaxşı öyrənmək üçün gedib sığınacaqlarda qalırdıq”.
Müsahib bütün bunlara baxmayaraq bu gün ölkədə həyatın davam etdiyini deyir:
“Gündəlik həyat davam edir. Mağazalar açıqdır, restoranlar, kafelər, nəqliyyat işləyir. Amma bütün bunlar hamısı çox ciddi nəzarət altındadır. Hazırda Ukraynada hərbi vəziyyətdir və 18-60 yaş arasında olan kişilərin ölkəni tərk etməsi qadağandır. Ukrayna ordusunun əsas hissəsini kişilər təşkil edir. Qadınlar üçün isə döyüşmək könüllüdür”.