Almaniyanın keçmiş kansleri Angela Merkel Berlində alış-veriş edərkən pulqabısı oğurlanıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, fevralın 25-i səhər Merkel oğurluğun baş verdiyi Şarlottenburq rayonunda supermarketə gedib.
Polis zərərçəkənin adını çəkmədən yalnız “67 yaşlı qadın”dan oğurluqla bağlı ifadə alındığını təsdiqləyib.
Pulqabıda şəxsiyyət vəsiqəsi, debet kartı, sürücülük vəsiqəsi və nağd pul olduğu bildirilir. Merkelin ofisi hər hansı şərh verməkdən imtina edib.
Məlumata görə, alış-veriş zamanı keçmiş kansleri Cinayət İşləri üzrə Federal İdarəsinin ən azı bir mühafizəçisi müşayiət edib.
“Bild” qəzetinin yazdığına görə, Merkelin pulqabısı ərzaq arabasına asılmış çantada olub.
Merkel Almaniya hökumətinin başçısı olarkən belə həmişə alış-verişə özü getməsi ilə tanınır. 2021-ci il seçkilərindən sonra Merkel böyük siyasətdən getməyə qərar verib. O, 16 il Almaniyanın kansleri olub.