Çilidə 1979-cu ildə əkiz qızları oğurlanan qadın 45 il sonra ilk dəfə onlarla görüşüb. 64 yaşlı Mariya Veronika Soto ilə onun qızları Mariya Beatrisa və Adeliya Rouz Mereu Çessa arasında emosional görüş Biobio vilayətindəki Konsepsion şəhərində baş tutub. 46 yaşlı əkizlər böyüdükləri İtaliyadan Çiliyə qayıdıblar.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Soto bildirib ki, qızlarını sonuncu dəfə səkkiz aylıq olduqları vaxt görüb. Əkizlər Çilidə övladlığa götürüldüklərini bilsələr də, analarını xatırlamayıblar.
1979-cu ildə, Pinoçetin ABŞ-ın dəstəklədiyi faşist diktaturası dövründə, 19 yaşlı Soto Biobio vilayətinin Ualpen şəhərində əkiz qız övladı dünyaya gətirib. Qızları səkkiz aylıq olanda o, adi həkim müayinəsinə aparıb və ona uşaqların əlavə müayinə üçün qalmalı olduğu deyilib. Ona tibbi yardım və qida vəd edilib. Lakin az sonra dövlət klinikası uşaqları əlindən alıb və onları düzgün qidalandırmamaqda ittiham edib. Polisə müraciət edən Sotoya məhkəməyə getmək tapşırılıb. Məhkəmədə uşaqların italyan cütlüyə övladlığa verildiyini öyrənib. Daha sonra məlum olub ki, doğum şəhadətnamələrində dəyişiklik edilib və valideynlərin qeydiyyata gəlmədiyi yazılıb.
Rəsmilərin sözlərinə görə, Pinoçet diktaturası dövründə (1973–1990) minlərlə körpə analarından alınaraq əsasən ABŞ və Avropadakı ailələrə satılıb. Çilidə onlara “Sükut Uşaqları” deyilir. Körpələr ya kasıb qadınlardan zorla alınıb və qanunsuz övladlığa götürmə agentliklərinə satılıb, ya da bəzən ailə üzvləri həkim və ruhanilərlə sövdələşərək doğumu gizlədiblər. Çox hallarda cinayət işlərinin müddəti bitib, yaxud günahkarlar dünyasını dəyişib. O vaxt öz hüquqlarını müdafiə etmək həbs və ya daha ağır cəza ilə nəticələnə bilərdi.
Soto deyib: “İndi qadınlara qulaq asırlar. O vaxt qulaq asmırdılar. Biz indiki kimi açıq danışa bilmirdik”.
Sotonun qızlarını tapmaq yolu 2020-ci ildə başlayıb. O, “Nos Buscamos” (“Biz bir-birimizi axtarırıq”) adlı Çili QHT-si ilə əlaqə saxlayıb. Təşkilatın rəhbəri Konstansa del Rio ona dərhal DNT testi etməyi tövsiyə edib. Soto nümunəni ABŞ-da “My Heritage” platformasının idarə etdiyi DNT bankına göndərib.
2024-cü ilin martında qızlarından birinin oğlu (Sotonun nəvəsi) də DNT testi edib və nəticədə nənəsini tapıb. 20 dəqiqə sonra onlar artıq onlayn danışıblar.
Konstansa del Rio deyir ki, ölkə üzrə 25 minə qədər belə hadisə ola bilər. Onların təşkilatı son 11 ildə 600 bioloji valideyn və uşağın məlumat bazasını toplayıb.
Soto bildirir ki, heç vaxt ümidini itirməyib. Qızlarına qucaq açarkən onlara “Ana həmişə sizi axtarıb” deyib. Qızlar 10 sentyabrda İtaliyadan Çiliyə uçub və Konsepsionda onlarla ailə, jurnalistlər və məmurlar görüşdə iştirak edib. Soto italyanca bilmir, qızlar da hələ ispan dilini öyrənməlidir, lakin onların hislərinə tərcümə lazım olmayıb.
Soto deyir ki, həm onun Çilidəki ailəsi, həm də İtaliyadakı övladlığa götürən ailə aldadılıb. O, yarım əsrlik ayrılığa baxmayaraq, özünü xoşbəxt sayır və digər analara ümidlərini itirməməyi tövsiyə edir: “Döyün qapıları, çünki texnologiyalar sayəsində imkanlar indi daha çoxdur”.