Yerli həftəlik "Die Aktuelle" qəzeti əfsanəvi “Formula - 1” pilotu Mixael Şumaxerlə müsahibəni imitasiya etmək üçün süni intellektdən istifadə etdikdən sonra Almaniyada böyük qalmaqal yaranıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, “Die Aktuelle” idmançının qəzada ağır kəllə-beyin travması almasından 10 il sonra Şumaxerlə iki səhifəlik "eksklüziv müsahibə"ni dərc edib və bunu əsl sensasiya kimi qələmə verib, Mayklın ictimaiyyət arasına çıxmağı dayandırdıqdan sonra "ilk müsahibəsi" kimi təqdim edib.
“Biz ondan həqiqətən özünü necə hiss etdiyini soruşduq. Nəhayət, onun faciəvi xizək qəzasından on il sonra cavablar alırıq.
Süni intellektdən istifadənin fırıldaqları yalnız “müsahibə”nin son bəndində üzə çıxır.
Şumaxerin ailəsi hələ ki hadisə ilə bağlı şərh verməyib, lakin “Die Aktuelle”nin hüquqi məsuliyyətə cəlb ediləcəyi ilə bağlı fərziyyələr var.
2013-cü il dekabrın 29-da Şumaxer oğlu və dostları ilə Fransanın Alp dağlarında Meribel kurortunun xizək yamaclarına gedib. Maykl trası tərk edərək, hazırlıqsız bir yamac boyunca təxminən 20 metr sürüb. Təzəcə yağan qarın altında görünməyən daşın üstündə büdrəyərək yıxılıb və başı qaya kənarına dəyib.
İlk məlumatlarda zədənin qeyri-ciddi xarakterli olduğu bildirilirdi, lakin artıq helikopterlə aparılması zamanı vəziyyəti ağırlaşıb və Şumaxeri süni nəfəsalma aparatına qoşmaq üçün təcili eniş edilməli olub.
Şumaxer iki neyrocərrahiyyə əməliyyatı keçirib və o, süni komaya salınıb və idmançı sonda oradan çıxarılıb. O vaxtdan bəri Mayklın səhhətinin vəziyyəti haqqında çox az şey məlumdur. 2021-ci ilin sentyabrında Netflix axın platformasında sənədli film buraxılıb və Şumaxerin həyat yoldaşı və oğlu onun müstəqil hərəkət edə bilmədiyini və başqaları ilə tam ünsiyyət qura bilmədiyini təsdiqləyib.