Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vujnoviç koronavirusun tüğyan etdiyi bir zamanda Moskva küçələrində sakinlərin davranışlarından çox narahat olduğunu açıqlayıb.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, ÜST rəsmisi bunu şəxsən müşahidə etdiyini bildirib.
O qeyd edib ki, paytaxt sakinləri pandemiyaya qarşı mübarizə çərçivəsində qəbul olunmuş qərarları qulaqardına vurur:
“Küçələrdə heç kim 2 metrlik məsafəni gözləmir, tətbiq olunmuş qaydalara əməl olunmur. Qrup halında gəzirlər. Açıq-aydın gördüm ki, 3 dost gəlir və heç biri də bilmir ki, hansında virus var. Belə olmaz!”.
O, koronavirusun qısa zaman kəsiyində yayılmasını yarış avtomobillərinin sürəti ilə müqayisə edərək əhalini diqqətli olmağa çığırıb: “Yalnız tibbi tövsiyələrə ciddi riayət etməklə virusdan yaxa qurtarmaq olar. Qaydalara əməl etməsəniz, qısa müddətdə kütləvi yoluxma olacaq”.