Meksikada koronaviruslu üçəm doğulub.
APA-nın xəbərinə görə, bu barədə “Sol de Mexico” qəzeti məlumat yayıb.
Yerli tibbi işçiləri bunu görünməmiş hadisə kimi qiymətləndiriblər.
İyunun 17-də Meksikanın San-Luis ştatında yerləşən xəstəxanalardan birində qeysər kəsiyinin köməyi ilə dünyaya gələn uşaqlardan ikisi oğlan, biri isə qızdır.
Tətbiq edilən tibbi qaydalara əsasən, yeni doğulmuşlardan COVID-19 testi götürülüb və testin nəticəsi müsbət olub.
San-Luis ştatının Səhiyyə İdarəsinin rəhbəri, həkim Migel Anhel Lutsou Steyner bildirib ki, uşaqların valideynlərində infeksiyanın simptomları yoxdur.
O qeyd edib ki, uşaqlardan yalnız birində COVID-19-un simptomlarını özünü göstərib.
Həkim qeyd edib ki, körpələrdən ikisinin vəziyyəti stabildir, üçüncü körpənin isə pnevmoniya olma ehtimalı qalmaqdadır.
Həkimlər yeni doğulmuş körpələrin koronavirusa yoluxmasını ilk kimi qiymətləndiriblər.
Hazırda ölkədə tibb işçiləri bununla bağlı araşdırma apararaq virusun cift yolu ilə ötürülüb-ötürülməməsini öyrənirlər.
Körpələrin valideynləri özlərini təcrid ediblər, onlar müşahidə altındadırlar. Valideynlərdən COVID-19 testi götürüb, testin nəticəsi hələlik məlum deyil.
Yeni doğulmuşlarla və onların anası ilə əlaqədə olan tibbi personal da təcrid edilib, onların virusa yoluxub-yoluxmaması araşdırılır.