Avqustun 25-də Latviyanın Nazirlər Kabineti Belarusdan olan müəyyən rəsmi şəxslərin ölkəyə girişinə qadağa qoyulması barədə qərar qəbul edib.
APA-nın LETA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Latviyanın Baş naziri Krisyanis Karins jurnalistlərə bildirib.
Latviyanın Xarici İşlər naziri Edqars Rinkeviçs isə deyib ki, seçkilərin saxtalaşdırılması və dinc nümayişçilərə qarşı zorakılığın tətbiqinə görə məsuliyyət daşıyan Belarusdan olan 30 rəsmi şəxsin Latviyaya girişinə icazə verilməyəcək.
Nazir Rinkeviçsin sözlərinə görə, sanksiyalar çərçivəsində tətbiq olunan bu qadağa Belarus Prezidenti Aleksandr Lukaşenkonun ofisi, Mərkəzi Seçki Komissiyası, Daxili İşlər Nazirliyi və Təhlükəsizlik Komitəsində çalışan bəzi şəxslərə şamil olunur. XİN başçısı bu qadağanın məhz Prezident Lukaşenkonun özünə tətbiq olunub-olunmaması ilə bağlı suala cavab verməyib.
Nazir Rinkeviçs əlavə edib ki, onun ölkəsi Belarus rəsmilərinə qarşı maliyyə sansksiyaları tətbiq etməyib, ölkəyə giriş qadağası isə Litva və Estoniya ilə birgə alınıb və Aİ-nin sanksiyalarına aidiyyəti yoxdur.
"Bizim hədəfimiz Aİ sanksiyalarıdır. Lakin bu qərarı verməklə açıq siqnal göndərmiş oluruq ki, biz müəyyən rəsmiləri öz ölkəmizdə görmək istəmirik və həmçinin Aİ-nin sanksiyalarla bağlı işini sürətləndirməsini istəyirik", - deyə nazir Rinkeviçs bildirib.
Latviya XİN başçısı sanksiya tətbiq olunan Belarus rəsmilərinin adını açıqlamasa da, əlavə edib ki, avqustun 27-də Estoniya XİN başçısı ilə bərabər adları açıqlayacaq.
Qeyd edək ki, Litva da 32 Belarus rəsmisinə qarşı sanksiya tətbiq etdiyini, bu şəxslərin ölkəyə girişinə qadağa qoyulduğunu bəyan edib.