İtaliya hökuməti mayın 4-də restoranların, barların fəaliyyətini bərpa etmək, o cümlədən parkların açılması imkanlarını nəzərdən keçirir.
APA-nın ANSA-ya istinadən verdiyi xəbərə görə, bununla bağlı son qərarın yaxın iki həftə ərzindəki epidemioloji məlumatlar əsasında mütəxəssislər tərəfindən veriləcəyi qeyd olunur.
Karantin rejimi yumşaldıldığı təqdirdə texniki təhlükəsizlik tədbirlərinin yenə də qüvvədə olacağı bildirilir – qoruyucu vasitələrdən istifadə, sosial məsafənin gözlənilməsi və s.
Eyni zamanda, insanların qruplar halında toplaşması qadağası da qüvvədə qalacaq.
Hazırda ölkədə sərt karantin tədbirləri mayın 3-dək uzadılıb. Təhsil naziri Luçia Adzolina məktəblərin çox güman ki, tədris ilinin sonuna qədər açılmayacağını söyləyib.
Bu arada ən çox yoluxmanın qeydə alındığı şimal bölgələri də daxil olmaqla bir sıra inzibati ərazi vahidi rəhbərləri istehsalın bərpa olunmasını və tikinti sahələrində işləməyi tələb ediblər. Hökümət ölkənin bir sıra əyalətlərində kitab mağazaları və uşaq malları mağazalarının, eyni zamanda ətir dükanlarının açılmasına icazə verib.
Xatırladaq ki, bu günədək İtaliyada virusa yoluxanların sayı 172,5 min nəfərə çatıb, onlardan 22 745 nəfər ölüb, 42727 nəfər isə sağalıb.