İran prezidentinin xüsusi nümayəndəsi Ceyhun Bayramovla görüşüb - YENİLƏNİB
28 oktyabr 2020 13:43 (UTC +04:00)

İran prezidentinin xüsusi nümayəndəsi Ceyhun Bayramovla görüşüb - YENİLƏNİB

Xarici İşlər Nazirliyi (XİN) nazir Ceyhun Bayramovla İranın xarici işlər nazirinin müavini və İran İslam Respublikası Prezidentinin xüsusi elçisi Seyid Abbas Araqçının görüşünə dair məlumat yayıb.

XİN-in Mətbuat xidməti idarəsindən APA-ya verilən məlumata görə, bu il oktyabrın 28-də xarici işlər naziri Ceyhun Bayramov İranın Xarici İşlər nazirinin müavini və İran prezidentinin xüsusi elçisi Seyid Abbas Araqçını qəbul edib.

Tərəflər Azərbaycan və İran arasında mövcud yüksək səviyyəli əməkdaşlığı vurğuladılar və gələcəkdə bu münasibətlərin daha da inkişaf edəcəyi ilə bağlı əminlik ifadə etdilər.

Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun nəticələri və regionda baş verən sonuncu gərginliyi ətraflı şəkildə müzakirə etdilər.

Nazir Ceyhun Bayramov bölgədə son gərginlik, Ermənistan rəhbərliyinin hərbi təxribatları, Ermənistan baş nazirinin bölgədə gərginliyin artması məqsədini güdən və münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirən məsuliyyətsiz bəyanatları və addımları barədə İran Prezidentinin xüsusi elçisinə məlumat verdi. Nazir Azərbaycanın Silahlı Qüvvələrinin özünü müdafiə hüququ çərçivəsində və Azərbaycanın mülki əhalisini qorumaq məqsədilə əks həmlə tədbirlərini həyata keçirdiyini bildirdi.

Nazir Ceyhun Bayramov xüsusi olaraq vurğuladı ki, Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozur və Azərbaycan əhalisini məqsədyönlü şəkildə hədəf alır. O, münaqişə zonasından uzaq məsafədə yerləşən Gəncə, Mingəçevir, Bərdə və digər şəhərlərin, uşaq və qadınlar daxil olmaqla günahsız mülki əhalinin Ermənistan silahlı qüvvələri tərəfindən xaincəsinə atəşə tutulduğunu qeyd etdi.

Nazir Azərbaycan Prezidenti tərəfindən dəfələrlə bildirildiyi kimi, ölkəmizin başlıca məqsədinin xarici silahlı qüvvələrin Azərbaycanın suveren torpaqlarından çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün onun beynəlxalq tanınmış sərhədləri çərçivəsində bərpa edilməsi olduğunu vurğuladı.

Xüsusi elçi Seyid Abbas Arağçı münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə dair İranın rəsmi mövqeyini bir daha vurğuladı. İran prezidentinin xüsusi elçisi mülki şəxslərin həyatının itirilməsi ilə bağlı başsağlığını ifadə etdi.

Nazir Ceyhun Bayramov Azərbaycanın ərazi bütövlüyünə İranın dəstəyi ilə bağlı  həmsöhbətinə minnətdarlığını ifadə etdi.

Görüşdə tərəflər qarşılıqlı maraq və narahatlıq doğuran məsələləri də müzakirə etdilər.

***

13:33

İran prezidenti Həsən Ruhaninin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi nümayəndəsi, İranın xarici işlər nazirinin müavini Abbas Araqçı Azərbaycanda səfərdədir.

Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyindən məlumat verilib. 

Bildirilib ki, o, artıq baş nazirin müavini Şahin Mustafayev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.  

Qeyd olunub ki, A. Araqçı Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Xarici İşlər nazirinin müavini Xələf Xələfov də görüşəcək.

Xatırladaq ki, A. Araqçı Azərbaycandan sonra Rusiya, Ermənistan və Türkiyəyə də səfər edəcək. Nazir müavinin səfərinin məqsədi İranın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təşəbbüsünü təbliğ etmək məqsədi daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1120
avatar

Oxşar yazılar