BMT-nin Baş katibi Antonio Quterreş Ramazan ayının başlaması ilə müsəlmanları təbrik edib.
APA xəbər verir ki, təbrikdə deyilir: “Dünyada milyonlarla müsəlman üçün müqəddəs Ramazan ayının başlanması münasibətilə ən xoş arzularımı çatdırıram.
Əlbəttə, bu ilki Ramazan ayı fərqli olacaq.
Təbii ki, COVID-19 pandemiyası ilə mübarizə tədbirləri yerli icmaların təşkil etdiyi bir çox tədbirlərin keçirilməsinə təsir göstərəcək.
Eyni zamanda, münaqişə zonalarında olan bir çox insan bu ayı yenə müharibələr və təhlükəli mühitdə qeyd edəcək.
Bu yaxınlarda mən dərhal qlobal atəşkəsin bərqərar olmasına dair çağırış etmişdim - ümumi mübarizəmizi virusu aradan qaldırmağa yönəltmək üçün.
Bu gün bu çağırışımı təkrarlayıram - Qurani-Kərimin "Əgər onlar sülhə meyl etsələr, sən də sülhə meyl et” sözlərini xatırladaraq.
Ramazan ayı həmçinin əhalinin ən həssas təbəqələrini dəstəkləmək deməkdir.
Öz inancları ilə yaşayan, İslam dininin qonaqpərvərlik və səxavət ənənələrinə riayət edərək münaqişələrdən xilas olanları dəstəkləyən müsəlman dünyasının hökumətlərinə və xalqlarına təşəkkürümü bildirirəm.
Bu, COVID-19 virusu başlamazdan əvvəl də müdafiəyə ehtiyacı olanlar üçün bir çox qapıların bağlı olduğu dünyaya diqqətəlayiq bir nümunədir.
Bir daha bu çətin günlərdə hər kəsə mərhəmət, həmrəylik və şəfqət arzulayıram.
Ramazan ayınız mübarək”.