ABŞ Suriya prezidenti Bəşər Əsəd və suriyalı rəsmilərə sərt sanksiyalar tətbiq edib.
APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib.
Dekabr ayında ABŞ prezidenti Donald Trampın imzaladığı "Ceasar" Suriya Mülki Mühafizə Aktına əsasən, sanksiya tətbiq olunanların adını açıqlayan ABŞ dövlət katibi Mayk Pompeo növbəti həftə və aylarda daha çox sanksiyaların gözlənildiyini bildirib.
“Əsəd və onun rejimi Suriya xalqına qarşı lazımsız, qəddar müharibəni dayandırmayana və Suriya hökuməti münaqişənin siyasi həllinə razı olana qədər biz də dayanmayacağıq”, - M. Pompeo vurğulayıb.
ABŞ dövlət katibinin sözlərinə görə, sanksiya tətbiq olunan 39 şəxs və şirkət münaqişənin dinc siyasi həllinə mane olmaqda əsas rol oynayıblar.
M. Pompeo qeyd edib ki, ilk dəfə B. Əsədin xanımı Əsma Əsədə qarşı da bu sərt sanksiyalar tətbiq olunacaq.