Yola salmağa hazırlaşdığımız ili sakit olmayan kimi xarakterizə etmək olar: sərhəd münaqişələri, dövlət çevrilişi və çevriliş cəhdləri dünya tarixinə öz töhfəsini verib.
Lent.az 2021-ci ildə dünyada baş tutan uğurlu dövlət çevrilişlərini təqdim edir.
Myanma
Fevralın 1-də Myanma silahlı qüvvələri mülki hökuməti devirərək ölkədə hakimiyyəti ələ keçirib, mülki liderləri həbs edib.
Hərbçilər öz hərəkətlərini 2020-ci il ümumi seçkilərinin nəticələrinin o vaxt hakim Demokratiya Uğrunda Milli Liqa (DUML) partiyasının xeyrinə kütləvi şəkildə saxtalaşdırılması və mülki hakimiyyətin bunu araşdırmaq istəməməsi ilə izah ediblər.
Vitse-prezident Mint Sve müvəqqəti dövlət başçısı təyin edilib və bütün səlahiyyətlər Myanma Silahlı Qüvvələrinin Ali Baş Komandanı, baş general Min Aunq Hlaynaya verilib. Hərbçilər bir il müddətinə fövqəladə vəziyyət elan edib.
Yeni hərbi hökumətin rəhbərləri bir ildən sonra yeni seçkilər keçirəcəklərini və hakimiyyəti bu seçkilərdə qalib gələcək partiyaya verəcəyini vəd ediblər.
Aprelin əvvəlində Neypidoda keçirdiyi brifinqdə ordunun rəsmi sözçüsü general Zo Minq Tun seçkilər üçün təklif olunan başqa bir tarixdən danışıb: iki il ərzində.
Niger
Martın 31-nə keçən gecə Nigerdə dövlət çevrilişinə cəhdin qarşısı alınıb. Yerli media Niameya şəhərinin mərkəzindəki prezident sarayının yaxınlığında gecə saatlarında atışma olduğunu bildirib.
Təxminən gecə saat 3 radələrində naməlum şəxslər ağır silahlardan atəş açıb, daha sonra atışma başlayıb. Atışma təxminən bir saat sonra başa çatıb, lakin bu, vaxtaşırı şəhərin müxtəlif məhəllələrində baş verib.
Niger hökuməti ölkədə dövlət çevrilişinə cəhdin olduğunu təsdiqləyib və araşdırma başladığını elan edib. Hökumət sözçüsü Zəkəriyyə Abdurəhman bildirib ki, üsyançılardan bir neçəsi artıq saxlanılıb.
Bundan əvvəl Niger Konstitusiya Məhkəməsi prezident seçkilərinin ikinci turunun nəticələrini təsdiqləyib. Buna görə hakim partiyanın namizədi Məhəmməd Bazum ikinci turda 55,66 faiz səslə qalib gəlib. Onun rəqibi, respublikanın keçmiş prezidenti Mahaman Usman məğlubiyyətini etiraf etməyib.
Mali
Malində hərbi çevriliş 2021-ci il mayın 24-nə keçən gecə Mali ordusunun prezident Ba Ndau, baş nazir Moktar Ouana və müdafiə naziri Süleyman Dukureni ələ keçirməsi ilə başlayıb.
2020-ci ildə Mali çevrilişini idarə edən xuntanın rəhbəri Assimi Qoita Ndau və Quanın səlahiyyətlərindən məhrum edildiyini və 2022-ci ildə yeni seçkilərin keçiriləcəyini açıqlayıb.
Bu, ölkədə son on ildə (2012 və 2020-ci il hərbi çevrilişlərindən sonra) üçüncü dövlət çevrilişidir.
Cənubi Afrika Respublikası
Cənubi Afrika Respublikasında bir sıra iğtişaşlar və etirazlar 2021-ci il iyulun 9-da axşam saatlarında Kvazulu-Natal əyalətində başlayıb. İyulun 11-i axşam iğtişaşlar Qautenq əyalətinə də yayılıb.
İğtişaşlar Cənubi Afrika Respublikasının keçmiş prezidenti Ceykob Zumanın korrupsiya iddialarını araşdıran komissiyaya ifadə verməkdən imtina etməsi ilə məhkəməyə hörmətsizlik etdiyinə görə həbs olunmasına cavab olaraq başlayıb.Əvvəlcə iğtişaşlarda Kvazulu-Nataldakı Zuma tərəfdarları iştirak edib. Sonradan Kvazulu-Natal və Qautenq əyalətlərində genişmiqyaslı soyğunçuluq və zorakılıq aktları başlayıb. İğtişaşlarda 337 nəfər həlak olub, 2554 nəfər həbs edilib.
Əfqanıstan
“Taliban” hərəkatının hücumu 2021-ci il mayın 1-də Amerika qoşunlarının ölkədən tam çıxarılmasının elan edilməsi ilə başlayıb. “Taliban” terror təşkilatının yaraqlıları tərəfindən Əfqanıstanın hökumət qüvvələrinə qarşı aktiv hücum əməliyyatı təşkil olunub.
Avqustun 14-də “Taliban” bütün ölkənin 90 faizinə nəzarəti ələ keçirib və 2021-ci il avqustun 15-də paytaxt Kabili işğal edərək ölkədə hakimiyyəti ələ keçirib. Əfqanıstan prezidenti Əşrəf Qani ölkədən qaçıb.
Qvineya
Sentyabrın 5-də Qvineya xüsusi təyinatlılarının əvvəllər Fransa xarici legionunda xidmət etmiş polkovnik Mamadi Dumbuyanın başçılıq etdiyi zabitlər ölkə prezidenti Alfa Kondeni saxlayıb, daha sonra dövlət institutlarının, konstitusiyanın ləğvi və bu Afrika ölkəsinin sərhədlərinin bağlanıldığını bəyan ediblər.
Dumbuyanın sözlərinə görə, prezident Konde təhlükəsiz yerdə hərbi nəzarət altındadır. Hərbçilər heç bir təzyiqə boyun əyməyəcəklərini, Kondeyə humanist münasibət göstəriləcəyini vurğulayıblar. Kondenin 83 yaşı var və ölkəyə 2010-cu ildən rəhbərlik edir. 2020-ci ilin martında keçirilən referendum ona daha iki müddətə vəzifə tutmağa icazə verən konstitusiya dəyişikliklərini təsdiqləyib.
Müxalifət referendumu boykot edib, iğtişaşlar zamanı 40-dan çox insan həlak olub. Bundan əlavə, Qvineya kifayət qədər kasıb ölkə olsa da, iyul ayında Kondenin maaşının artırılması ilə bağlı qanun qəbul edilib və bu, yerli sakinləri qəzəbləndirib.
Sudan
Sentyabrın 21-də Sudan Silahlı Qüvvələrinin sözçüsü Taher Əbu Haqa dövlət televiziyası ilə ölkədə dövlət çevrilişi cəhdinin qarşısının alındığını elan edib.
Əl-Cəzirə telekanalı Sudan hökumətindəki mənbəyə istinadən xəbər verib ki, Sudanda dövlət çevrilişinə cəhddə iştirak edən 40-dan çox zabit saxlanılıb, həbslər davam edir. Telekanalın məlumatına görə, çevrilişin təşkilatçıları keçmiş prezident Ömər əl-Bəşirin tərəfdarlarıdır.
Oktyabrın 25-də general Əbdül Fəttah əl-Burhan fövqəladə vəziyyət elan edərək hökumətin və Suveren Şuranın buraxıldığını açıqlayıb. Televiziya ilə çıxışında o, 2023-cü ilin iyulunda keçiriləcək növbəti seçkilərə qədər ölkəni yeni texnokratik hökumətin idarə edəcəyini bildirib.