Peres: “Avropa İrandan gələn təhlükəni görməzliyə vurur”
24 fevral 2011 19:40 (UTC +04:00)

Peres: “Avropa İrandan gələn təhlükəni görməzliyə vurur”

Lent.az-ın məlumatına görə, bəyanatda deyilir ki, bu maliyyə qurumu İslam Respublikasının nüvə proqramı ilə əməkdaşlıq etdiyinə görə sanksiyaya məruz qalıb.

ABŞ-ın Maliyyə Nazirliyi bu günə qədər İranın nüvə və raket proqramı ilə əməkdaşlıq edən, eləcə də beynəlxalq terrorçuluğu dəstəkləyən 20 dövlət bankına yasaq tətbiq edib. Bununla belə, ekspertlər Tehran hakimiyyətinə tətbiq edilən yasaqların gözlənilən nəticəni vermədiyini bildirirlər.

İsrail prezidenti Şimon Peres Avropa dövlətlərinin başçılarını tənqid edərək, bildirib ki, onlar İrandan gələn təhlükəni “görməzliyə” vururlar. Onun qənaətincə, bununla da Avropa öz təhlükəsizliyi ilə bağlı sayıqlığını itirə bilər: “Bir gün siz oyanıb, görəcəksiniz ki, İranın nüvə başlıqları Madridə tuşlanıb.

O, İranın hərbi gəmilərinin Süveyş kanalı vasitəsi ilə Aralıq dənizindən keçərək, Suriya sahillərinə yanaşmasına da münasibətini açıqlayıb: “Həmin gəmilər təhlükədən çox təxribatdır. İki gəmi dənizdə şəraiti dəyişə bilməz və bu əsas məsələ deyil. Problem onların keçməsinə icazə verilməsindədir, daha doğrusu olayın yaradılmasındadır”.

Yeri gəlmişkən, gəmilərin Süveyşdən keçməsinə Tehran hakimiyyəti 300 min dollar pul xərcləyib.

ABŞ Milli kəşfiyyat idarəsinin direktoru Ceyms Klepper konqresin kəşfiyyat məsələləri üzrə özəl komitəsindəki dinləmələrdə bildirib ki, BMT Təhlükəsizlik Şurasının İrana tətbiq etdiyi sanksiyalar bu ölkənin iqtisadiyyatına təsir etsə də, onun nüvə iddiasını gerçəkləşdirməyə problem yaratmayıb: “Yasaqların İran iqtisadiyyatına təsir göstərdiyi açıq-aydın görünür. Bu həm də daha çox adi İran vətəndaşlarının güzəranına mənfi təsir göstərir. Bu amili hakimiyyət nəzərə almaya bilməz. Bununla belə, mən açıq deyirəm ki, hazırkı şəraitdə həmin məsələ onların nüvə proqramına təsir etməyib”.

Onun sözlərinə görə, ölkə rəhbərliyi nüvə silahı istehsalı ilə bağlı uyğun qərar qəbul edərsə, onların bunu əldə etmək imkanları var.

“Wall Street Journal” jurnalının yazdığına əsasən, nüvə proqramı ilə bağlı İran hakimiyyətində fikir ayrılığı var: “Amerika kəşfiyyatı belə qənaətə gəlib ki, rejim daxilində atom proqramını nüvə silahı istehsalınadək davam etdirməklə bağlı davamlı mübahisələr getməkdədir”. Mənbənin bildirdiyinə görə, hakimiyyət içindəki bəzi qüvvələr sanksiyaların daha ciddi nəticələr verə biləcəyini başa düşür.

Jurnalın məlumatına əsasən, yeni kəşfiyyat xəbərləri Tehranın nüvə silahının alınması və uranın zənginləşdirilməsi istiqamətində işlərini davam etdirdiyini göstərir. ABŞ hesab edir ki, İranın bəzi liderləri iqtisadiyyatdakı böhranın ölkə daxilində müxalifətin güclənməsinə təsir göstərəcəyindən narahatdır.

İran hakimiyyətini bir sıra məqamlarda arxayınlıq etməsinin səbəblərindən biri də, Rusiyanın hələ də onu dəstəkləməsidir. Elə yanvarda İstanbulda İranın atom-nüvə proqrammı ilə bağlı toplantının sonucsuz başa çatmasında rəsmi Moskvanın rolu az olmayıb. Xatırladaq ki, Londonda keçirdiyi mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, onlar Yaxın Şərq dövlətlərində “inqilaba çağırışı” məhsuldar saymırlar. Onun sözlərinə görə, Rusiya inqilabı yaşayıb və belə bir təcrübəni arzulamır: “Bunun yerinə beynəlxalq ictimaiyyət indiki şəraitdə tərəfləri konstruktiv danışıqlara çağırmalıdır”.

Nüvə proqramına görə İrana tətbiq edilən və ediləcək sanksiyalara toxunan rusiyalı diplomat bildirib ki, Rusiya İrana qarşı gələcək sanksiyaları dəstəkləyə bilməz. S.Lavrov İranın nüvə proqramında əli olanlara qarşı hətta qismən də olsa sanksiya tətbiq etmək imkanlarının tükəndiyini söyləyib: “Bundan sonrakı sanksiyalar İran iqtisadiyyatının boğulması və bu ölkə əhalisi üçün sosial problemlərin yaranması deməkdir”.

Bununla belə Rusiyanın mövqeyinin də həmişə “sürüşkən” olduğunu nəzərdən qaçırmaq sadəlövhlük olardı. Çünki BMT Təhlükəsizlik Şurasının İran qarşı qəbul etdiyi 3 qətnamənin hamısını bu ölkə bir mənalı şəkildə dəstəkləyib. Görünür, Kreml Qərblə alver etmək, yaxud özünü Afrikadan başlayan inqilablardan qorumaq üçün yenə İran hakimiyyətinin ondan asılı vəziyyətindən yararlanmaq istəyir. Bu baxımdan yaxın zamanlarda İslam Respublikasının atom-nüvə proqrammı ilə bağlı məsələnin yenidən gündəliyə gələcəyi də istisna edilmir…

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 566

Oxşar yazılar