Soros: “İranda müxalifət liderləri edam oluna bilər”
21 fevral 2011 10:03 (UTC +04:00)

Soros: “İranda müxalifət liderləri edam oluna bilər”

İran hakimiyyəti də fevralın 14-16-da Tehran , Şiraz, İsfahan və Kirmanşəhr şəhərlərində keçirilən aksiyalar zamanı etirazçılara qarşı zor tətbiq edib. Hakimiyyətin etiraf etdiyinə görə, 2 nəfər etirazçı həlak olub.

Hazırda ölkədə mövcud olan sakitliyin müvəqqəti olduğu hər kəsə aydındır. Çünki 2009-cu ilin yayında və sonrakı etiraz çıxışları bu ölkə vətəndaşlarının mövcud hakimiyyətdən narazı olduğunu təsdiqlədi. Elə fevralın 14-də Tehranda keçirilən aksiyada «Mübərək, bin-Əli, növbəti Seydi Əli!» şüarının səslənməsi də bunu sübut edir.

Tehran hakimiyyətinin sevmədiyi Corc Soros CNN-ə müsahibəsində deyib ki, İran rejimi yaxın bir ildə dağılacaq. Onun sözlərinə görə, buna qədər «ölkədə dəhşətli şərait yarana bilər».

«Müxalifət liderləri məhkəmələrin çıxardığı saxta qərarlar əsasında edam oluna bilər. Yaşamaq uğrunda mübarizə aparan bu rejim öz xalqına qarşı törətdiyi dəhşətli cinayətləri yaxşı bilir. Bütün repressiyalara baxmayaraq, onların qalacağına inanmıram» - amerikalı milyarder söyləyib.

ABŞ senatoru Con Makkeyn isə «Amerikanın səsi» radiosunun fars bürosuna müsahibəsində İrandakı rejimi dəyişməyə çağırıb. O, bunu İran rejiminin «zülmkarlığı və qəddarlığı» ilə əlaqələndirib.

“Twitter” tipli sosial şəbəkələrin İran müxalifətinə təşkilatlanmaq işində kömək edəcəyini və hökuməti dəyişmək prosesində onlara yardımçı olacağını vurğulayan senator qeyd edib ki, Birləşmiş Ştatlar İran müxalifətini dəstəkləməlidir. Con Makkeyn ABŞ prezidenti Barak Obamanı İran hökuməti ilə danışıqlar aparmağa çalışdığı üçün tənqid də edib.

Bu günlərdə Barak Obama bildirmişdi ki, ABŞ İranda və bölgənin başqa dövlətlərində hadisələrin gedişinə hökm edə bilməz, amma «ən yaxşı həyat üçün mübarizə aparanlara mənəvi dəstək göstərə bilər».

Con Makkeyn ABŞ-da 2008-ci ildə keçirilən prezident seçkisində Barak Obamanın Respublikaçılar Partiyasından rəqibi olub.

Qüdsdəki Yəhudi Universiteti yanında Trumen İnstitutunun elmi əməkdaşı, İran üzrə mütəxəssis, doktor Eldad Pardo «Aruts şeva» portalına müsahibəsində deyib ki, İranda bu günlərdə baş verən etiraz aksiyaları 2009-cu ilin yayında prezident seçkisindən sonrakı olaylardan fərqlənir: «İndi İranda da yaxşı bilirlər ki, nümayişlər sona qədər davam etməli və əsas hədəfinə yetişməlidir».

Onun qənaətincə, İran hakimiyyətinin davranışı perspektivdə onun dəyişməsinə səbəb olacaq. Yəhudi mütəxəssisin fikrincə, Tehran rejiminə rəhbərlik edənlər arasında fikir ayrılığı var və bu, «kütləvi aksiyaların dəstəklənməsində özünü göstərir». Pardo qeyd edib ki, hakimiyyət etirazçılara qarşı birləşməzsə, o zaman bu hal uğurla nəticələnə bilər.

Beləliklə, beynəlxalq ictimaiyyət bu rejimin dəyişməsindən danışmağa başlayıb. Tehran hakimiyyətinin qorxduğu əsas məsələ budur. Çünki bir neçə il öncə İranın atom-nüvə proqramı ilə bağlı məsələ müzakirə ediləndə, İran təmsilçiləri Qərbin rejimi devirmək niyyətində olduğunu narahatlıqla bəyan edirdi. Onda Amerikanın o vaxtkı dövlət katibi Kondoliza Rays belə bir niyyətlərinin olmadığını bildirmişdi. Görünür, həmin bəyanatdan sonra Tehran hakimiyyətinə verilən limit bitmək üzrədir.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 496

Oxşar yazılar