Türkiyənin xarici işlər naziri etiraf etdi
01 sentyabr 2009 12:00 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri etiraf etdi

“Yeni müzakirələrin hədəfi sərhədlərin açılmasıdır”

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu gün NTV telekanalında Ermənistanla başlatdıqları yeni proseslə bağlı danışıb.
Lent.az-ın verdiyi məlumata görə, xarici işlər naziri qonşuluqda təməl prinsiplərin sərhədlərin qarşılıqlı tanınması olduğunu, Ermənistanla yeni müzakirələrin hədəfinin də sərhədlərin açılması olduğunu söyləyib.
Əhməd Davudoğlu deyib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması gərəkdir, ancaq buna paralel olaraq Ermənistan-Azərbaycan münaqişəsi də çözülməlidir. O bildirib ki, bölgədə əhatəli normallaşma prosesi baş verməsə, bir istiqamətli normallaşma səylərinin effekt verməsi mümkün deyil.
Azərbaycanın Türkiyə və Ermənistan arasındakı son proseslərdən nə qədər xəbərdar olmasına gəlincə, Əhməd Davudoğlu qeyd edib ki, Türkiyə və Azərbaycanın əlaqələri “bir millət, iki dövlət” prinsipinə əsaslanır: “Hər şey ortaqdır, proseslə bağlı məlumat da ortaqdır. Heç bir şey gizli deyil. Azərbaycana gərəkli məlumatlar verilib. Baş nazir Rəcəb Tayyib Ədoğan keçən cümə günü Azərbaycan prezidenti İlham Əliyevlə əlaqə saxlayıb, xarici işlər nazirinin müavini Feridun Sinirlioğlu Bakıda olub və gərəkli məlumatlar verilib”.
Xarici işlər nazirinə görə, heç bir vaxt Azərbaycanın Türkiyənin mənfəətlərinə, Türkiyənin də Azərbaycanın mənfəətlərinə zidd siyasət yürüdəcəyinə inanmırlar: “Heç bir proses Türkiyə-Azərbaycan dostluğundan önəmli deyil. Bu proses Azərbaycanın milli maraqlarına zərər verməyəcək. Bu prosesin Dağlıq Qarabağ və işğal altındakı torpaqlarla bağlı məsələlərin çözümünə də ciddi təkan verəcəyinə inanırıq. Cəmiyyətin günbəgün bu prosesin hansı mərhələdə olduğunu bilməsinə ehtiyac yoxdur”.
O, protokolun qüvvəyə minməsindən sonrakı 6 həftəni önəmli bir fürsət saydıqlarını vurğulayıb: “Baş nazir Rəcəb Tayyib Ərdoğan BMT Baş Məclisində də bu mövzuda danışacaq, Dağlıq Qarabağ eyni zamanda BMT-nin problemidir. Biz Qafqazda sülhün BMT-nin gündəmində olmasını istəyirik. Azərbaycanın torpaq bütünlüyü təmin edilməlidir”.
Bu arada baş nazir Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə və Ermənistan arasında imzalanan protokol parlamentin razılığı olmadan qüvvəyə minməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 663

Oxşar yazılar