T.Livni :”Əhmədinejata da sanksiya tətbiq edilməlidir”
05 oktyabr 2010 02:49 (UTC +04:00)

T.Livni :”Əhmədinejata da sanksiya tətbiq edilməlidir”

Lent.az-ın İsrail KİV-ə istinadən məlumatına əsasən, İsrail parlamentindəki müxalifətin lideri, “Kadima” Partiyasının sədri, ölkənin keçmiş xarici işlər naziri, hazırda ABŞ-da səfərdə olan Tsipi Livni beynəlxalq ictimaiyyəti “İran prezidenti Mahmud Əhmədinejatın özünə və İran hakimiyyətinin başqa rəhbərlərinə qarşı sanksiya tətbiq etməyə” çağırıb. O, İrana qarşı əlavə sərt yasaqların tətbiqinin vacibliyini bildirib.


“Beynəlxalq ictimaiyyət çox sadə bir qərar qəbul etməlidir – İran rejiminin liderlərinə istənilən səviyyədə legitimlik verməyi dayandırmalı, dünyanın mərkəzi zal və kürsülərində onların çıxışına şərait yaradılmamalıdır. İran rəhbərlərinin hər birinə ayrı –ayrılıqda fərdi sanksiya tətbiq edilməli, onların qanuniliyi tanınmamalıdır. Belə bir addım başqa bir dövləti məhv etmək istəyən İran rəhbərlərinə beynəlxalq ictimaiyyətin cavabı olar” - deyə, Livni bildirib.


Xatırladaq ki, İslam Respublikasının prezidenti Mahmud Əhmədinejat sentyabrın 19-24-də ABŞ-da olarkən, “CNN” kanalında çıxışı zamanı İsrailin baş naziri Binyamin Netaniyahunu “uşaq və qadınların qatili” və “diktator” adlandırıb.


Yəhudi siyasilər İrana qarşı sanksiyaları sərtləşdirməyə çağırsa da, İslam Respublikasının rəsmiləri ABŞ-ın “beynəlxalq hüquq normalarını pozduğunu” və 2009-cu ildə İranda baş vermiş etiraz aksiyaların “ABŞ-ın əli olduğunu” bəyan edib.


İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəstin sözlərinə görə, Amerika hakimiyyətinin bu hərəkəti İran İslam Respublikasına münasibətdə “Əlcəzair qətnaməsi”nin pozulmasıdır. Həmin qətnaməyə əsasən, dövlətlər biri-birinə dostluq və qarşılıqlı hörmət əsasında münasibət göstərməlidir.


Xatırladaq ki, ABŞ-ın dövlət katibi Hillari Klinton və maliyyə naziri Timoti Geytner İranın 8 tanınmış rəsmisinə yasaq qoyulduğunu elan edib – İran İslam İnqilab Keşikçiləri Qvardiyasının komandanı Məhəmmədəli Cəfəri, qvardiya komandanının kəşfiyyat məsələləri üzrə müavini, yarımhərbi dəstənin, bəsicin komandanı Hüseyn Tayib, sosial təminat naziri Sadıq Məhsuli, daxili işlər naziri Mustafaməhəmməd Nəccar, baş prokuror Qulamhüseyn Ejei, Tehranın keçmiş prokuroru Səid Mürtəzəvi, Tehran əyaləti polis qüvvələrinin rəisi Əhmədrza Radan, informasiya və təhlükəsizlik naziri (ETTELAAT) Heydər Mösüli.

Hillari Klinton deyib ki, bu şəxslərin rəhbərliyi altında insanlar döyülüb, işgəncə verilib, mənəvi basqıya məruz qalıb, öldürülüblər. Sanksiyaya əsasən, İran hakimiyyətinin 8 rəsmisinin ABŞ-dakı hesabları dondurulub, onlara viza verilməsi yasaqlanıb. Yasaqlara uyğun olaraq, ABŞ vətəndaşları adları çəkilən bu İran rəsmiləri ilə ticarət əlaqəsi qura bilməz.

H.Klinton vurğulayıb ki, bu, ABŞ-ın İran hakimiyyətinə qarşı insan haqlarını pozduğuna görə, ilk sanksiyasıdır.
Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 734

Oxşar yazılar