İran rialı kəskin ucuzlaşdı
04 oktyabr 2010 14:12 (UTC +04:00)

İran rialı kəskin ucuzlaşdı

30 ildir bir sıra gündəlik tələbat mallarına, eləcə də elektrik enerjisi və təbii qaza dövlət dotasiya verirdi. Bu yaxınlarda işıq və qaz puluna subsidiya ləğv edilib. Ölkədə ən ucuz ərzaq çörək idi, onun da qiyməti sərbəstləşdirilib. Bu isə çörəyin 20 dəfə bahalaşmasına səbəb olub.

Hakimiyyət isə baş verən etirazı yenə «İslam İnqilabı düşmənlərinin ara qarışdırması» (İsrail və ABŞ-ın) kimi dəyərləndirərək, ictimaiyyətin hədəfindən yayınmağa çalışır.

Ölkədəki sosial-iqtisadi və maliyyə problemi aradan qaldırmağa yönəlik siyasət yürütməkdənsə, Tehran bölgədə silah yarışına çıxıb. Təbii ki, belə siyasət yaxın gələcəkdə İran İslam Respublikası dövlət büdcəsinin, xəzinəsinin boşalmasını təsir səbəb ola bilər.

Sentyabrın sonunda İran məclisinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü Məhəmmədmehdi Şəhriyarı sanksiyaların ölkənin iqtisadi mərkəzləri və sənayesini iflic duruma saldığını söyləyib.

İran prezidenti Mahmud Əhmədinijat isə ABŞ-da səfərdə olarkən vəziyyəti beynəlxalq ictimaiyyətdən də gizlətməyə çalışaraq, demişdi: «Bizim xalqın Amerikaya ehtiyacı yoxdur. ABŞ hökuməti İrana qarşı sanksiyaları yüz qat artırsa, Avropa ona qoşulub daha betər sanksiyalar qoysa da, bizə təsiri yoxdur. Öz ehtiyaclarımızı ödəyə bilirik».

Ancaq «cidanı çuvalda gizlətmək olmaz» deyiblər.

Lent.az-ın «MIGnews»-a istinadən məlumatına əsasən, ötən bir həftə ərzində İranın rəsmi valyutası rial (10 rial bir tüməndir) ABŞ dollarına nisbətdə daha 20 faiz ucuzlaşıb.

İqtisadçılar ehtimal edir ki, İran milli valyutasının qəflətən ucuzlaşması çeşidli dövlətlərin və beynəlxalq qurumların İslam Respublikasına qarşı tətbiq etdiyi sanksiyaların gerçək səmərəsidir.

Xatırladaq ki, bir həftə öncə bir dollar 10 min beş yüz rial idisə, rəsmi məlumatlara əsasən həftənin sonuna bu rəqəm 12500-13000 olub. Qeyri-rəsmi xəbərlərə görə, bir dollar 17000 riala alınıb.

2001-ci ildən etibarən İran Mərkəzi Bankı rialın müəyyən edilmiş kursdan aşağı düşməməsi üçün onu bazarda qoruyub saxlayırdı.

Bankçıların qənaətincə, büdcədə defisiti saxlamaq üçün Mərkəzi Bank hazırda dolları və avronun bazara çıxarılmasının qarşısını alır. Ehtimal olunur ki, İranın 60-80 milyard avro valyuta ehtiyatı var. Bu isə sanksiyalar ucbatından artmır. Odur ki, perspektivdə hakimiyyət həm də ciddi dollar və avro qıtlığı yaşaya bilər.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1775

Oxşar yazılar