Humanitar təşkilatlar terroru dəstəkləyir?
27 sentyabr 2010 23:01 (UTC +04:00)

Humanitar təşkilatlar terroru dəstəkləyir?

Qurumun bu təhqiqatına qarşı etiraz aksiyası keçirənlər də var. Ötən gün FTB Minneapolis və Çikaqoda müharibə əleyhinə yürüş keçirənlərin yaşadığı mənzildə yoxlama aparıb. Onların terrorçularla əlaqələri üzə çıxıb.

Lent.az-ın «Mignyus»-a istinadən məlumatına əsasən, Çikaqoda fələstinlilərlə həmrəylik qrupunun üzvü Morin Merfi və onun həmfikirləri FTB-nin apardığı axtarışlarla bağlı «fövqəladə toplantı» keçiriblər və etiraz aksiyalarına qərar veriblər.

FTB-nin keçirdiyi axtarışın orderində isə «savaşa qarşı olan fəalların» Kolumbiya və Yaxın Şərqdəki terrorçu qruplarla əlaqəsi olduğu öz əksini tapıb.

Bu fəalların vəkili hesab edib ki, ABŞ Ali Məhkəməsinin məsələ ilə bağlı qərarı humanitar yardımla məşğul olanlara qarşı uyğun reydlərin keçirilməsinə imkan yaradıb.

Qeyd edək ki, bir il öncə ABŞ-da fəaliyyət göstərən iranmeylli Ələvi Fonduna qarşı sanksiya tətbiq edilmişdi. Araşdırma zamanı onların İslam Respublikası tərəfindən idarə edildi aşkarlanmışdı. Fondun «ianə» şəkilində yığdığı maliyyə vəsaiti ABŞ-ın universitetlərinə sərf edilirmiş. ABŞ-ın tanınmış Kolumbiya Universiteti 2007-ci ildə İran prezidenti Mahmud Əhmədinijata çıxış etmək üçün şərait yaratdığına görə bu fonddan 100 min dollar məbləğində «yardım» alıb.

Bundan başqa «ələvi»lər Nyu-Cersidəki Ratgers Universitetinə çox böyük məbləğdə maliyyə vəsaiti ayırıb. İş o yerə çatıb ki, fonddan yardım alan universitet professorlarından Huşəng Əmirəhmədi fəaliyyətində və bəyanatlarında terrorçu kimi tanınan «Həmas» və «Hizbullah»ı açıq-aşkar dəstəkləyirmiş.

ABŞ dövlət orqanlarının rəsmi açıqlamalarına görə, hazırda Ələvi Fondunun hesabında 650 milyon dollar var.

2005-2007-ci illərdə Ələvi Fondu Ratgers Universitetində fars dilinin tədrisi üçün 351 600 dollar «ianə» ayırıb. İran üzrə amerikalı mütəxəssis Maykl Rubinin qənaətincə, dil öyrənmək adı altında maliyyə ayırmaları əslində İran hakimiyyətini dəstəkləyən universitet professorlarına yardım kimi verilib.

Ötən il ABŞ hökuməti İrana məxsus 500 milyon dollarlıq əmlakı və pulu müsadirə etmək istəyirdi. Müsadirə olunacaq əmlaka «Assa» şirkətinin və Ələvi Fondunun Nyu-Yorkdakı 36 mərtəbəlik göydələni, eləcə də məscidi daxildir. Fond xeyriyyə cəmiyyəti sayılsa da, amerikalı prokuror onu «İran hakimiyyətinin görüntüsü» adlandırıb. Müstəntiqlərin şübhələrinə görə, şirkətin arxasında İranın dövlət bankı «Milli bank» durur. Bu maliyyə qurumu ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar üzrə siyahıya düşənlərdəndir. Rəsmi Vaşinqton bu bankı İslam Respublikasının atom-nüvə proqramına yardım edənlərdən sayır. Ona görə də ABŞ vətəndaşlarına, hakimiyyətinə bu qurumlar əməkdaşlıq etmək yasaqlanıb.

Yerli KİV-in məlumatına görə, müsadirə Nyu-Yorkla məhdudlaşmaya bilər. Çünki fondun Texas, Merilend və Kaliforniyada da məscidləri fəaliyyət göstərir. Xeyriyyə cəmiyyəti isə barəsindəki məhkəmə prosesini «anlaşılmazlıq» adlandıraraq, bildirib ki, onun fəaliyyəti Amerikada islam mədəniyyətini, fars dili və ədəbiyyatını yaymaq, dinlərarası harmoniyaya xidmət etməkdir. Fond lazım olan maliyyə vəsaitini ianə və daşınmaz əmlakı icarəyə verməkdən qazandığını bildirir.

ABŞ hökumətinin qənaətincə, «Ələvi»lərin ölkədə milyonlarla dollarlıq əmlakı alması, icarəyə verməsi də «İranla ticarəti qadağan edən federal qanunların pozulmasıdır». Prokuror bildirib ki, Nyu-Yorkdakı göydələnin vergi sənədlərinə görə, 2007-ci ildə bina «Assa»ya və Ələvi Fonduna 4,5 milyon dollar mənfəət gətirib. Sənədlərə əsasən, bu yolla əldə edilmiş milyonlarla dollar pul sonradan İranın «Banke-Milli»sinə ötürülür.

Nyu-Yorkun Cənub Dairə prokuroru Preet Bhararanın sözlərinə görə, fondun işini İran hakimiyyətinin müxtəlif səviyyəli rəsmiləri, o cümlədən ölkənin BMT-dəki səfirləri həyata keçirib.

Ötən il baş vermiş bu olayla bağlı əlavə informasiya yayılmayıb. Bu onu göstərir ki, Amerikanın uyğun qurumları bu istiqamətdə araşdırmaları davam etdirir.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 636

Oxşar yazılar