Qanlı meydanların “gözlüklü kabus”ları – ARAŞDIRMA
24 iyul 2010 18:00 (UTC +04:00)

Qanlı meydanların “gözlüklü kabus”ları – ARAŞDIRMA

Qələbənin görünməyən qəhrəmanları - snayperlər...

Cəbhə xəttində təxribat yaradarkən ağır itkilərə uğrayan ermənilər artıq beynəlxalq təşkilatlar qarşısında haray-həşir salaraq “Azərbaycan snayperlərinin cəbhə xəttindən geri çəkilməsi” kimi qəribə və əsl ermənisayağı təklif qaldırıblar. Maraqlısı da odur ki, bu təklif uzun müddətdir işğal etdikləri ərazilərdən Azərbaycan hökumətinin nəzarətində olan əraziləri, günahsız əhalini atəşə tutan, onlarla dinci insanı öldürən ermənilərin “burnu ovulanda” qaldırılır. Erməniləri tək qoymayan ATƏT-in Minsk Qrupunun həmsədrləri də bu təklifləri dəstəkləyir.

Hərb sənətinin əsas növlərindən olan sərrast atıcılıq artıq 300 ilə yaxındır ki, döyüş meydanlarında tətbiq edilir. Günümüzdə snayperlər kimi tanınan nişançılar təyinatlarına uyğun olaraq düşmənin komandir heyətini, terrorçuları məhv etməkdən tutmuş, döyüş texnikalarının, rabitə qurğularının antenlərinin sıradan çıxarılmasına kimi bir çox işlərin öhdəsindən gəlməyi bacarırlar.

Snayperlərin tarixi odlu silahların, xüsusilə də muşket tüfənglərinin meydana çıxması ilə bağlanılır. Lakin ixtisaslaşmış nişançıların hərbi əməliyyatlarda iştirakına dair ilk yazılı faktlar Amerikada istiqlaliyyət savaşı dövrünə təsadüf edir. Belə ki həmin dövrdə Corc Vaşinqtonun komandanlıq etdiyi orduda yaradılan sərrast atıcı bölükləri o dövrün ənənəvi – flanqa halında döyüş üsulundan vaz keçərək yeni döyüş taktikasından yararlanır. Ətraf mühitə uyğun maskalanan bu snayperlər həm özlərini qoruyaraq, həm də sərrast atəşlə düşmənin yüzlərlə canlı qüvvəsini məhv etməyə nail olub. Az keçməmiş bu üsulu Napoleon da tətbiq edir.

Snayperlər döyüşən ordunun vacib elementi kimi Birinci və İkinci Dünya müharibələrində öz sözlərini deyib. Birinci Dünya Savaşında üzərinə durbinlər bağlanmış o dövrün karabinləri ilə silahlanan snayperlər hər iki tərəfdə “fəaliyyətləri”nə görə diqqət mərkəzində olub. Müharibədən sonra snayperlərin vacibliyinə daha çox inanan Avropa dövlətləri nişançılar üçün xüsusi silahların yaradılması üzərində işləməyə başlayıb.

Sovet-Finlandiya müharibəsində fin snayperləri tərəfindən ən azı 3 min sovet əsgərinin öldürüldüyü bildirilir. Qarlı meşələrdə ağ xalatlarla maskalanmış finlər hücuma keçən sovet birliklərinin kabusuna çevrilib. Bundan sonra sovet generallarının təşəbbüsü ilə snayperlərin təyin olunması üçün xüsusi əməliyyatlar təşkil olunur, ərazi bombardman ediləndən sonra sovet snayper birlikləri düşmənin sağ qalmış atıcılarını sıradan çıxarırmışlar.

Artıq İkinci Dünya Müharibəsi başladıqda həm nasist Almaniyası, həm Sovetlər Birliyi, həm də müttəfiq dövlətlərinin savaşan birliklərinin ön səflərində ixtisaslaşmış snayperlər yer aldı. Hətta snayperlər döyüşlərin qazanılmasında mühüm rol oynamağa da başladılar. 1942-ci ildən etibarən sovet ordusunun hər bir taqımında bir snayper yer alırdı və sovet ordusu ilk dəfə snayperlərin maskalanması üçün xüsusi kamuflyajlar da hazırlamışdı. Stalinqradın müdafiəsinə sovet tərəfinin minlərlə snayper cəlb etdiyi qeyd olunur. Bunların arasında məşhur snayper, Sovet İttifaqı Qəhrəmanı Vasili Zaytsevin adı bu gün də hallanır. Hansı ki, Zaytsevin ən azı 240 alman əsgərini öldürdüyü bildirilir.

Vyetnam savaşında ABŞ ordusu da snayperlərdən maksimum istifadə etməyə çalışıb. Artıq bu dövrdə yeni snayper tüfənglərini də tətbiqinə başlayan ABŞ Vyetnamda ilk dəfə üzərinə durbin qurulmuş iri çaplı avtomatik snayper tüfənglərini sınaqdan çıxarıb. Belə ki, 1967-ci ilin fevralında Vyetnam müharibəsində ABŞ Dəniz Piyadalarının snayperi Karlos Hatkok “Browning M2” iriçaplı avtomatik snayper tüfəngi ilə 2300 metr məsafədən öldürücü atışlar həyata keçirib. 2002-ci ilin mart ayında isə Əfqanıstanda xidmət edən Kanada ordusunun snayperi Rob Furlonq 2430 metr məsafəyə dəqiq atəş açaraq dünya rekordunu vurub.

Snayper hazırlığı

Snayper çox dəqiqlik, səbr və əzm tələb edən bir hərb sənəti olduğundan orduda snayperlərin hazırlanması xüsusi seçim əsasında aparılır. Bunun üçün gənc əsgərlər arasında seçim edilir, onlara uzun müddət – saatlarla müşahidə etmək və ani atəşlə hədəfi məhv etmək aşılanır. Snayperlər xüsusi və ən dəqiq nizamlanmış silahlarla təmin olunur və onlar uzaq məsafədə hədəfləri təsbit etmək və vurmaq üçün zəruri optik cihazlarla, gecəgörmə sistemləri ilə təchiz edilirlər. Ən əsası isə snayperlərə atəşin dəqiqliyini təmin edən küləyin sürətini, yerin cazibəsini, havanın temperaturunu təhlil etmək üçün riyazi hesablamaların öyrədilməsidir. Qeyd edək ki, küləyin sürətindəki dəyişmələr hədəfdən metrlərlə məsafədə sapmalara səbəb ola bilir. Eyni zamanda, Yerin cazibə qüvvəsi atılan güllənin hərəkət trayektoriyasında dəyişiklik yaradır ki, bu səbəbdən də snayperlər daha çox hədəfin üst hissəsini nişan alır. Həmçinin onlar düşməndən maskalanma üsullarını da öyrənirlər ki bu da hədəfi izləyən snayperin hədəfə çevrilməməsi üçün ən zəruri məqamlardandır.

Snayperlər döyüş meydanına daxil olarkən xüsusi maskalanma üsullarından istifadə edərək həm özlərini, həm də silahlarını görünməz hala gətirir. Çox zaman üzlərini yaşıl və ya qara rəngə boyamaqla sifətlərinin parıldamaqdan gizlədirlər. Ətrafdakı müxtəlif bitkilərin yarpaqlarından hazırladıqları və NATO ordularında “ghillie suit” adlanan özəl kamuflyajlarla o dərəcədə maskalana bilirlər ki, onları hətta yanlarında ayaq üstə dayanmış əsgərlər belə təyin edə bilmir.

Standart ordu təlimlərinin çoxunda adi əsgərlərə 200 və ya 300 metr məsafədə, ABŞ Dəniz Piyadalarında 400-500 metrdə hədəfi vurmaq aşılanır. Amma snayperlər üçün bu məsafə 800 metrdən başlayır.

Azərbaycanın sabiq müdafiə naziri Dadaş Rzayev snayperlərin hazırda qoşunların təmas xəttində mühüm rol oynadığını deyir. Generalın sözlərinə görə, snayperlərin əsas vəzifəsi düşmənin komandirlərini, idarə edən şəxsləri məhv etmək, bununla da idarəetmə sistemini sıradan çıxarmaqdır: “Bu gün hər iki tərəfdə snayperlər öz işlərini necə lazımdır, elə də görürlər. Snayperlər üçün 3 əsas şey lazımdır: yaxşı fiziki hazırlıq, səbr və dəqiqlik, bir də dəqiq nizamlanmış silah”.

Azərbaycanda snayperlərin hazırlanması əsasən orduda həyata keçirilir. Ancaq ötən ildən etibarən Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin nəzdində snayper kursu açılıb. Bu kursa ilk yazılanlar arasında qızlar say çoxluğu təşkil edir.

Ümumiyyətlə, əksər ordularda snayperlər hazırlayan xüsusi məktəblər mövcuddur. Snayperlər ordudan ehtiyata buraxıldıqda xüsusi uçota salınır. Rusiyada və bir sıra qərb ölkələrində təhlillər göstərir ki, peşəkar killerlərin 45%-dən çoxunu vaxtı ilə orduda snayper olmuş insanlar təşkil edir.

Snayperin snayperi

Generalın dediyi kimi, snayperin ustalığını təyin edən əsas 3 faktordan birisi də onun silahıdır. İlk dəfə ixtisaslaşmış atıcılar üçün xüsusi təyinatlı (snayper) tüfəngləri İkinci Dünya Müharibəsində meydana gəlib.

Artıq bu gün dünya ordularında yüzlərlə model snayper tüfənglərindən istifadə olunur. kiçik – 9 mm çaplı güllələrdən 26 mm çaplı iri çaplı güllələrdən atəş açan snayper tüfəngləri mövcuddur. Təbii ki, əməliyyat şəraitinə uyğun olaraq istifadə olunan tüfənglər də dəyişir.

Snayper tüfənglərinin hamısı optik nişangahlarla təchiz olunur. Atış mexanizminə görə tüfənglər 2 tipə ayrılır: yarımavtomatik və əllə doldurulan.

Hazırda dünyada ən geniş yayılmış snayper tüfəngi modellərinə “Browning”, “Reqminton”, SVD, “Vintorez”, M-93 Black Arrow və s. tüfənglər daxildir. Hazırda Azərbaycan və Ermənistan ordularında əsasən keçmiş sovet və hazırda Rusiyanın istehsalı olan SVD markalı snayperlərdən, eyni zamanda Ermənistan tərəfdə Serbiya və Qazaxıstanın istehsalı olan bəzi snayperlərdən istifadə olunur. 2007-ci ildən Azərbaycan ordusu milli istehsal olan 14,5 mm çaplı “İstiqlal” snayper tüfəngini silahlanmaya daxil edib ki, bu tüfəngin təsir məsafəsi 3 min metrdir. Yandırıcı və qəlpələnən güllələrdən atəş açan “İstiqlal” uzaq məsafədən döyüş texnikalarının zirehlərini deşə bilir. Hazırda “İstiqlal”ın 12,7 mm çaplı yüngül versiyasının testləri keçirilir. Eyni zamanda, Azərbaycan müdafiə sənayesi 23 mm çaplı snayper tüfənginin yaradılması üzərində işlər aparır. Qeyd edək ki, bu snayper tüfəngi təyyarələrə qarşı tətbiq olunan ZSU-23 zenit pulemyotu ilə eyni çaplı güllələrdən atəş açacaq.

Cəbhə xətti - snayper hər zaman tətikdə

Məlum olduğu kimi, Ermənistan və Azərbaycan qoşunlarının 1000 km-dən artıq bir məsafədə uzanan cəbhə xəttində hər gün atəşkəs rejimi pozulur, ermənilər Azərbaycan ordusunun mövqeləri ilə yanaşı cəbhəyanı kəndlərdə mülki sakinləri belə atəşə tutaraq ziyan vurmağa çalışırlar. Təbii ki düşmənin hər bir belə təxribatının qarşısı Azərbaycan əsgəri tərəfindən vaxtında alınır, qarşı tərəf itkilərə məruz qoyulur. Təəssüf ki, bəzən bu döyüşlərdə Azərbaycan tərəfdən də əsgərlər şəhid olur.

Cəbhə xəttində xidmət edən snayperlərin üzərinə xüsusi vəzifələr düşür və digər əsgərlərdən fərqli olaraq snayperlərdən daha çox məsuliyyət və iş tələb olunur. Yuxarıda qeyd etdiyimiz kimi snayperlərin əsas vəzifəsi düşmənin komandir heyətini sıradan çıxarmaq, eyni zamanda daha uzaq məsafədən onların planlaşdırılan hərəkətlərinin qarşısını almaqdır. Bu baxımdan Azərbaycan snayperləri də artıq praktiki təcrübə qazanıb və cəbhə xəttində xidmət keçən snayperlərimiz MDB ordularındakı silahdaşlarından heç də geri qalmırlar.

Cəbhə xəttində xidmət edən hərbçilərin sözlərinə görə, erməni ordusu əsasən qadın snayperlərin xidmətindən daha çox yararlanır. Səbrli olmalarına və çox dəqiq atışlarına görə fərqlənən bu qadın snayperlər əsasən xaricdən muzdla gələnlərdir.

Naxçıvandakı məşhur Buzqov yüksəkliyində xidmət etmiş azərbaycanlı snayper (snayperlərin adları məxfilik baxımından açıqlanmır) deyir ki, ermənilərin snayper qadınlardan istifadə etməsinin dəfələrlə şahidi olub. Müəyyən vaxtlarda posta qalxan qadın snayperlər Azərbaycan əsgərlərini çox zaman aldadaraq vururmuş. Belə ki, müsahibimiz deyir ki, 2004-2005-ci illərdə belə bir hadisə baş verib. Snayper qadınlardan biri paltarını soyunaraq səngərin üzərinə qalxır və striptiz göstərməyə başlayır. Təhlükəsizliyi unudub səngərin üzərinə qalxan əsgəri hazır dayanmış digər snayper qadın vursa da xoşbəxtlikdən ölüm olmur. Ərazidə snayper qadınların bu cür hərəkəti bir müddət davam edir. Azərbaycanlı əsgərlərin həmin qadınların çayda çimərkən silah və paltarlarını oğurlamasından sonra snayper qadınlar bir daha həmin posta qalxmır.

Müsahibimiz deyir ki, ermənilər dəfələrlə snayperlə radiostansiyanın antenini qırıb, postdakı ildırımötürücü boruya hərf yazıb: “Axırda məcbur qalıb, gecə ermənilərin 500-600 metr uzaqdakı kazarmasını atəşə tutduq və elektrik lampalarını qırdıq. Bundan sonra eşitdik ermənilər deyir ki, türklər lampanı bu məsafədən qırırsa, ehtiyatlı olun”.

Qarabağ cəbhəsində xidmət edən zabitlər isə snayperlərlə bağlı daha maraqlı əhvalatları danışırlar. Onların sözlərinə görə, erməni snayperləri əsasən axşam tərəfi, gün batana yaxın aktivləşir. Səbəbi isə odur ki, gün o zaman əks istiqamətə düşür və Azərbaycan snayperləri bu şəraitdə işləyə bilmir.

“Hədəfim yıxılanda ləzzət alıram”

S.Ə. (adının açıqlanmasını istəmir) vaxtı ilə SSRİ Sərhəd Qoşunlarında xidmət edib. Dəfələrlə sovet ordusunda atıcılıq yarışlarında birinci yerə çıxan S.Ə. “Voroşilov atıcısı” adına layiq görülüb. Qarabağ döyüşlərində iştirak edərək snayper kimi düşmənin onlarla zabitini və əsgərini məhv edən S.Ə. ordudan ehtiyata çıxandan sonra da ordunun gərəyi olub. Cəbhəyanı kəndlərdən birində yaşayan müsahibimiz vəziyyət gərginləşəndə komandanlığın çağırışı ilə “vəziyyətin gərgin olduğu ərazidə işləməyə göndərilir”. Bir-iki düşmən zabit və gizirini o dünyaya göndərib, ərazidə “vəziyyəti stabilləşdirib” yenidən evinə qayıdır.

Təcrübəli snayper peşəsinin vurğunu olduğunu və uzun illərdir sərrast atıcılığın həyatının bir hissəsinə çevrildiyini söyləyir. Uşaqlıqdan silaha maraqlı olduğunu deyən snayper sonradan hərbçi peşəsini seçməsini də bununla əlaqələndirir: “Snayperdən ilk növbədə hövsələli, səbrli olmaq tələb olunur. Əgər hədəf başını qaldırırsa, dərhal atmaq olmaz. Bəzən düşmən tərəf snayperin yerini təsbit etmək üçün dəbilqəni və ya papağı bir ağaca keçirib, səngərdən qaldırır. Bunu nəzərə almaq lazımdır. Zamanın varsa, hədəfə maksimum sərbəstlik verməlisən ki, snayperin onu izlədiyini unutsun. Pişik siçanı yeməzdən əvvəl necə oynadırsa, snayper də hədəfini eləcə oynatmalıdır”.

S.Ə. deyir ki, snayperlər “dörd göz” olmalı, “işlədiyi ərazini” tanımalı, ora uyğun maskalanmalı, həmişə eyni silahdan istifadə etməlidir. Bir dəfə onu güdən düşmən snayperini onun kiçik bir səhvi – durbinin linzasının parlaması nəticəsində vurduğunu deyən sərrast atıcı qurbanları barədə məlumatı elə ermənilərin öz dilindən eşitmək istəyir: “Mən Əfqanıstanda da döyüşmüşəm, Qarabağda da. Bir snayper olaraq mən peşəmi icra edəndə xüsusi zövq alıram və buna bir idman kimi baxıram. Hədəfim yıxılanda isə xüsusi ləzzət alıram. Xüsusilə də uzun müddət axtardığım hədəf olduqda”.

Təcrübəli snayper 27 illik hərbçi həyatında ən uğurlu “ovunu” da Qarabağda edib: “Mənimlə bir yerdə hərbi məktəbdə Gerasim Mkrtıçyan adlı bir erməni vardı. O da çox dəqiq snayper idi. Məktəbi bitirdikdən sonra Əfqanıstanda da bir yerdə olduq. Yoldaşlığımız, dostluğumuz var idi və bir zaman düşmən olacağımızı kimsə deyə bilməzdi. Mən Qarabağda döyüşərkən onun haqqında eşitdim. Əvvəlcə düşünmədim ki, o olar. Amma sonra əsirlikdən gələnlər onun barəsində danışanda zənnim düz çıxdı. Bir dəfə ratsiyada ona xəbərdarlıq etdim ki, qarşıma çıxmasın, yoxsa atacam. 6-7 ay gizlənpaç oynadıq. Nəhayət, Füzulinin Aşağı Veysəlli kəndində olarkən Gerasimin də orada olduğunu öyrəndim. Bizdən iki nəfəri vurmuşdu. Təxminən 4-5 saat izlədikdən sonra gördüm siqaret çəkir. Yanında da bir rabitəçisi vardı. Gerasimin başı yandan azacıq görünürdü. Rabitəçiyə ermənilərin tezliyinə girməyi əmr etdim. Ratsiyada “Gerasim xoş gördük” dedikdə o diksindi və azacıq yerindən qalxdı. Artıq həmin an hər şey hazır idi. Gerasimlə dostluğumuz beləcə bir güllə ilə sona çatdı”...

P.S. Birinci Qarabağ müharibəsində “veteran” olmuş ermənilər Qarabağ üçün yenidən könüllü dəstələr toplamaq istəyir. Hər halda işğalçı niyyətlərindən vaz keçməyən bu insanlar qarşılarında dayananların da kimlər olduğunu unutmamalıdırlar.

Rəşad Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 997

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35