Rusiyanın “pravda.ru” saytında MDB Ölkələri İnstitutunun Ermənistan filialının direktoru Aleksandr Markarovun Ermənistanda vəziyyət barədə müsahibəsi bu başlıq altında dərc edilib.
Lent.az AZƏRTAC-a istinadən həmin müsahibəni təqdim edir.
Paşinyanın planları puç olub
- Aleksandr, Ermənistanın indiki hakimiyyəti praktiki olaraq yaxşılığa doğru heç bir dəyişiklik etməyib. Buna baxmayaraq, əhali Nikol Paşinyanı populist hesab etmirmi? Yoxsa adi Ermənistan vətəndaşı öz həyatında (əlbəttə, koronavirusa qədər) müəyyən yaxşılaşma hiss edib?
-Bu sualın cavabı kimdən soruşmaqdan və nəyi populizm hesab etməkdən asılıdır. Yəqin ki, əhalinin müəyyən kateqoriyası bəzi yaxşılaşma hiss edə bilib. Söhbət kiçik və orta biznesin bir hissəsi barədə gedə bilər, onlara daha artıq fəaliyyət azadlığı verilib, hərçənd indiyə qədər vergidən başqa bu azadlıqları kimin və nəyin məhdudlaşdırması aydın deyil. Əhalinin bir hissəsinin əməkhaqlarına əlavələr edilib. Bəziləri üçün bu artım ciddi, digərləri üçün cüzi ola bilər.
Lakin yəqin ki, əsas məsələ əhalinin bütövlükdə iqtisadi və sosial inkişaf perspektivlərini necə təsəvvür etməsindən və indi istiqaməti düzgün və inkişaf dinamikasını yetərli hesab edib-etməməsindən ibarətdir.
Hər halda əvvəllər təqdim edilən rəsmi statistika və sosiologiya göstərirdi ki, əhalinin əksəriyyətinin fikrincə, cəmiyyət düzgün istiqamətdə hərəkət edir. Aydındır ki, koronavirus və onun doğurduğu iqtisadi dəyişikliklər ölkədə iqtisadi və sosial şəraitə təsir göstərməyə bilməz. Həm də bu təsir koronavirusdan əvvəl mövcud olan azacıq müsbət məqamlarla müqayisədə daha əhəmiyyətli ola bilər.
İri biznes problemləri qalır. Söhbət investisiyaların artırılması, ixracın artırılması imkanları və bütövlükdə inkişaf barədə gedirdi. Lakin vəziyyət dəyişmədi. İndi isə əsas məsələ yəqin ki, mövcud mövqeləri qoruyub saxlamaqdır, çünki münaqişə və məhkəmə hakimiyyətinin anlaşılmaz fəaliyyəti ilə bağlı qeyri-müəyyənlik şəraitində iri investisiyalar ola bilməz.
Buna görə sabitliyi yalnız yuxuda görmək olar. Təbii ki, biznes bu vəziyyəti görmək istəməzdi. Buna müvafiq olaraq, heç olmasa müəyyən qədər sabitlik və müəyyənlik olmadıqda, ciddi iqtisadi inkişaf barədə danışmaq çətindir, amma xalq buna çalışırdı. Haradansa peyda olmuş koronavirus və yarasa hətta ehtimal edilən perspektivləri də öz qanadları altına aldı.
-Paşinyanın seçkiqabağı vədlərindən biri Ermənistan diasporundan investisiyalar cəlb etmək barədə idi. Diaspor o qədər də bədxərclik etmədi.
-Məsələ də ondadır ki, bu investisiyalar yalnız qismən həyata keçirildi. Gözlənilən həcmə heç yaxın da gəlmədilər. Hələ 2018-ci ilə qədər başlanmış layihələr vardı, onlar başa çatdırıldı və müəyyən yeni iş yerlərinin açılması ilə nəticələndi. Bu barədə daim çox böyük bir nailiyyət kimi danışırlar. Əslində isə həmin layihələrin çoxu sadəcə kölgə iqtisadiyyatı vəziyyətindən çıxarıldı.
Diasporun yuxudan oyanacağı, Ermənistana üz tutacağı, milyonlarla dolların üçüncü respublikaya axacağı barədə gözləntilər doğrulmadı. Buna oxşar heç bir hadisə baş vermədi. Bu barədə böyük etirazlar yoxdur. Sadəcə biznesmen hər halda rasional adamdır, buna görə də prosesin başa çatmasını gözləyir, axı, necə deyərlər, bərədə atları dəyişməzlər.
Hər halda bərəni keçmək lazımdır. Çayı üzüb keçəndən sonra prosesin uzunmüddətli olacağına ümid bəsləmək olar. Bərədən keçmə prosesində isə qarşı sahilə çatıb-çatmayacağınız barədə müəyyənlik yoxdur.
İnsanların peşmançılığı artır
-Belə çıxır ki, ermənilər hələ Paşinyana görə çox peşman olmayıblar, hələ ümidləri qalır. Hökumətin hansısa konkret planları, oriyentirləri, yol xəritələri varmı?
-Bəli, özü demişkən, “100 gün” və “500 gün” planları vardı. Yəni hətta konkret müddətlər göstərilmişdi, lakin həmin müddətlər artıq keçib. Buna görə də ümidsizliyə qapılmış insanların sayı artır və çox güman ki, əgər bundan sonra da nəticə olmasa, vaxt keçdikcə daha da artacaq. Müəyyən müddət ərzində çox böyük planlar barədə danışmaq olar, lakin əgər bunlar yalnız gurultulu fraza kimi qalsa, konkret nəticələr olmasa məyusluq yaranır.
Məyusluq olanda isə aydındır ki, insanlar düşdüyü vəziyyətdən çıxmaq üçün yeni xilaskar axtaracaqlar. Yaxın zamanda ÜDM artımını təmin edə biləcək real planlar yoxdur və bu vəziyyətdə ola da bilməz. Deməli, ümidsizliyin artması ehtimalı çoxalır.
İnsanların çoxu Paşinyana böyük ümid bəsləyirdi. Əgər o, heç bir əhəmiyyətli iş görə bilməsə ola bilsin ki, məyusluq yaranmayacaq, insanlar sadəcə siyasi və ya hər hansı başqa həyata marağı ümumiyyətlə itirəcəklər. Nələr baş verməsi heç kəsin vecinə olmayacaq. Bu isə ən dəhşətli vəziyyətdir.