Vizajist hər hansı bir üzü qocalda biləcək üç tipik makiyaj səhvini açıqlayıb.
Makiyajda hansı səhvlərdən yaınmaq lazımdır.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 4 milyondan çox "YouTube" izləyicisi olan vizajist Ueyn Qoss bildirib ki, insanların əksəriyyəti makiyajı xarici görünüşünü yaxşılaşdırmaq və ya yaşlandıqca əmələ gələn bəzi qırışları gizlətmək üçün istifadə edir.
“Lakin etdiyimiz bəzi makiyaj səhvləri əks effekt verə və üzü sadəcə bir-iki deyil, hətta 10 il yaşlı göstərə bilər”.
Gənc görünməyə davam etmək üçün Ueyn makiyaj zamanı qaçınılmalı olan üç səhvi açıqlayıb:
Metallik çalarlı kölgələrdən qaçın
Göz kölgələrində “metallik” tonlardan istifadə etməyin, əvəzində mat tonlara üstünlük verin. Mat kölgələr ən yaxşı nəticə verir, çünki onlar qırışlara və ya dəri problemlərinə diqqət çəkmir. Həmçinin, üzə pudranı nəmləndirici kremdən sonra çəkin. Bu zaman makiyaj daha yaxşı qalacaq və daha təravətli görünəcək.
Düzgün konsiler tonu seçin
Bir çoxları üz dərisini “işıqlandırmaq” üçün konsileri bir ton açıq seçir. Lakin ekspertin fikrincə, bu, əksinə, üzü daha yaşlı göstərə bilər. Konsilerin tonu dərinizin rəngi ilə eyni olmalıdır.
Daim nəmləndirin və primer istifadə edin
“Yaşlandıqca dərimiz təbii olaraq daha quru olur, buna görə də nəmləndirici inqrediyentlər çox vacibdir”.
O, dəri baxımı üçün məhsul seçərkən hialuron turşusu kimi nəmləndirici inqrediyentlərə diqqət yetirməyi məsləhət görür. Makiyaja başlamazdan əvvəl güclü nəmləndirici krem çəkin ki, dəri kifayət qədər nəmlənmiş qalsın. Bundan əlavə, yaxşı bir primerdən istifadə edin ki, o, dəri ilə makiyaj arasında baryer yaratsın və bütün günü makiyajın qalıcı olmasına kömək etsin.