<b>Xanın qəzəbi, “vaqondan düşürülən” erməni, “xaxollar”ın talanı... –<span style="color:red;"> QIZIL SƏHİFƏLƏR </b>
18 fevral 2014 15:12 (UTC +04:00)

Xanın qəzəbi, “vaqondan düşürülən” erməni, “xaxollar”ın talanı... – QIZIL SƏHİFƏLƏR

Bəri başdan deyək ki, bu məqalələrlə biz Birinci Cümhuriyyət Parlamentinin yaranması, tarixi, fəaliyyəti barəsində məlum, yaxud mətbuat səhifələrinə hələ də çıxmayan naməlum faktlara deyil, qurumun iclaslarında millət vəkillərinin çıxışları zamanı səsləndirdikləri fikirlər əsasında demokratik respublikanın siyasi, iqtisadi, sosial həyatına diqqət yetirəcəyik. Həqiqətən, 1918-ci ilin dekabr ayının 7-də ilk, 1920-ci il aprel ayının 27-də sonuncu iclasını keçirmiş parlament iclaslarının stenoqramlarını oxuyarkən, mübaliğəsiz-filansız, özünü birbaşa həmin dövrün olaylarının iştirakçısı, yaxud şahidi kimi hiss edirsən. Bu çıxışlarda kimlərin hansı məqsəd güddükləri, kimlərin parlamentin işinə pəl vurmaq üçün müxtəlif ara söhbətlərindən söz saldıqları, yaxud hansı məbusanın nə əqidəyə qulluq elədiyi, ən əsası Cümhuriyyətimizin məşhur qurucularının, adlarını ümumi şəkildə hansısa sənəddə rast gəldiyimiz böyük siyasi-ictimai xadimlərin vacib məsələlər barədə mövqelərini açıq-aydın görmək mümkündür. Beləliklə, Azərbaycan Cümhuriyyətinin 80 illiyinin keçirilməsi üçün Respublika Prezidenti Heydər Əliyevin 30 yanvar 1998-ci il sərəncamıyla yaradılmış Dövlət Komissiyasının qərarı ilə elə həmin il çap olunmuş «Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament» kitabının əsasında Birinci Cümhuriyyətimizin parlamentində nələrin olub-keçdiyinə nəzər salaq…

 

Əvvəli: http://news.lent.az/news/155527

 

II yazı

 

İrəvanda və Lənkəranda tökülən qanlar...

Qafqazda baş verən və tarixdən bizə bəlli olan bütün hadisələr, yeni qurulmuş Azərbaycan Cümhuriyyətinin üzləşdiyi problemlər, təbii ki, parlamentdə də müzakirə olunurdu. 1919-cu il yanvar ayının 8-də keçirilmiş iclasda İrəvan məsələsinin müzakirəsi buna bariz nümunədir.

 

Sədrin təklifi ilə İrəvan quberniyası müsəlmanlarından parlamentə ünvanlanmış müraciətdən bəlli olur ki, Azərbaycan türkləri öz dədə-baba torpaqlarında zülmə məruz qalır, buralardan köçürülür, boşalmış yurdlara isə kütləvi halda ermənilər yerləşdirilir. Ancaq təbii ki, İrəvan müsəlmanlarının nümayəndələrinə yenicə qurulmuş Cümhuriyyət rəhbərliyi lazımi dəstək göstərmək imkanına malik deyildi. Məhəmməd Əmin bəy çıxışında deyir: «Burada yenə imdad naləsi eşidiriz… Ancaq Azərbaycan hökuməti onlara felən müavinət göstərə bilməz, lakin mənəvi, siyasi, bəlkə də qismən maddi yardım edə bilər. Yalnız ora deyil, Lənkəran müsəlmanları da bu haldadırlar». Bundan sonra Məhəmməd Əmin Rəsulzadə hökumətin Lənkəran məsələsiylə bağlı arayış verməsinin vacibliyini bildirir. Lənkəran nümayəndəsi, Müsavat fraksiyasının üzvü Mirzə Səlim Axundzadə Lənkəran müsəlmanlarının halını təsvir edən məruzə oxuyur. Etiraf edim, əlimdə əlac olsaydı, iki kitab vərəqi həcmində olan bu məruzəni tam şəkildə diqqətinizə çatdırardım ki, bu günün özündə belə Muğan Sovet Respublikasını mədh eləyərək separatçılıqla məşğul olan bəzi sərsəmlər əslində, bu qondarma qurumun nə olduğunu qanaydılar. Məruzədən qısa iqtibaslar gətirirəm…

 

«Lənkəranda xaraba və payimal olmayan bir ev mövcud deyil…;

 

«Şəhərimizin ulu zənginlərindən Əsgər xan Talışinski İran guşələrində qalıb öldü. İmarətləri tamamən qarət edilib, viran edildi. Buna da iktifa etməyib əvvəllərdə ermənilər, sonra da xaxollar o gözəl imarətləri at və heyvan yatağı qərar veriblər»;

«Əgər bu təriqlə adbaad Lənkəran şəhərinin xarabalarını siyahı eləmək lazımdır ki, hamı əhalinin adlarını bir-bir zikr edəm…»

 

İndisə, rəhmətlik Səlim Axundzadənin məruzəsindən sadəcə, evləri talanan, namuslarına təcavüz olunan ailələrin soyadlarını qeyd edirəm ki, bəlkə bəzi separatçı dələduzlar bu soyadlardan babalarını tanıyalar ki, indi bəh-bəhlə vəsf elədikləri həmin daşnak-bolşevik hökumətinin nə işlərlə məşğul olduqlarını anlayalar… İsa bəy Əlibəyov, Əkbərovlar, Abdullayevlər, Kərimovlar, Kazımovlar, Ağayevlər, Qurbanovlar, Daşdəmirovlar və sair və ilaxır…

 

Məruzədən oxuyuruq: «Xaxollor əvvəl özlərini Muğan Əski Respublikası adlandırıb, sonra bilmirəm hansı tək səbr gəlibsə, Muğan Əski Respublikasını məsləhət görməyib özlərini Rusiya hissəsi sayıb UFA hökumətinə tabe edirlər. Xaxollar aşkar deyirlər ki, biz Azərbaycan hökumətini bilmək istəmiriz…»

 

Məruzənin sonunda maraqlı bir məqam da var. Burada məruzəçi bildirir ki, bölgədəki müsəlman kəndlərindən birinin camaatı  (həmin kənd ndi də var, bu baxımdan adını çəkmək yerinə düşmür – İ.Tumas) xaxollarla əlbir olub müsəlmanları qırırmışlar: « … kəndinin camaatı xaxollarla əlbir olub sair müsəlmanları qətl və qarət etməkdən xaxollarla bərabər heç bir zərrə qədəri həya etməyiblər. (Səslər: eyib olsun)».

 

Nə isə, mətləbi çox uzatmadan qeyd eləyim ki, Parlamentin qəbul elədiyi bu sorğu əsasında hərəkətə keçən Azərbaycan Hökuməti fəlakətin qarşısını alır: Cavad bəy Məlikyeqanlı Lənkəran uyezdinə general-qubernator təyin olunur, Hərb Naziri Mehmandarov istedadlı hərbçi general Səlimovu Lənkərana göndərir və qısa müddətə bölgədə əmin-amanlıq yaradılır. Azərbaycan Milli Ordusunun görkəmli hərbçilərindən olmuş İsrafil bəy İsrafilovun xatirələrindən oxuyuruq: «General Səlimovun komandanlığı ilə Prişibdən Lənkərana qədər təntənəylə keçid eləyən Azərbaycan Ordusu yerli əhali tərəfindən «Yaşasın!» sədaları ilə qarşılandı».  Yeri gəlmişkən, Lent.az saytının bir neçə il əvvəl başlatdığı və çox uğurla davam etdirdiyi "Cümhuriyyət tariximiz" adlı layihəsinə daxil bəndənizin Lənkəran hadisələrini əhatə eləyən geniş araşdırmasını bu linkdən oxuya bilərsiniz: http://news.lent.az/news/65469.

 

Vaqondan düşürülən erməni söhbəti

 

İndi isə yazımızın ən gülməli, ancaq həm də ağlamalı hissəsinə gəlib çıxıram. 1919-cu il yanvar ayının 9-da Azərbaycan Parlamentinin 7-ci iclasında Azərbaycanın və İrəvanda, Lənkəranda azərbaycanlıların başına gələn faciələrin bir qismini oxuduq, məsələlərdən hali olduq. Ancaq elə bu iclasda ermənilərin, bolşeviklərin Lənkəranda törətdikləri vəhşiliklər barədə məruzənin hikkəsi soyumamış görün nə baş verir… Sosialistlər fraksiyonunun katibi Abbas Ağamalıyev tərəfindən Məclisi-Məbusan rəisi cənablarına aşağıdakı tərkibdə sorğu sorulur: «Qəzetlərdə dərc olunan xəbərlərə görə (qəzetlərdə ha… - İ.Tumas) Azərbaycan dəmir yolu stasiyonunda vaqondan Sarkisyan namında bir erməni əsgərlər tərəfindən çıxarılmışdır. Onun nereye göndərildiyi, belə bir hadisənin vaqe olduğu hökumətə məlumdurmu və əgər məlum isə böylə təhəmmül olunmaz hadisələrin bir daha təkrar olunmaması və günahkarın qəti tənbehi üçün nə yolda tədbirlər görmüşdür».

 

Bunun ardından digər sosialist Əhməd Cövdət sorğunu müdafiə eləyərək qızğın çıxış edir və deyir ki, «millətlər münasibəti gərgin olan belə bir zamanda erməninin vaqondan çıxarılmasına (!?) laqeyd baxmaq olmaz…»

 

Necədi? Elə bil, eynilə bu günümüzdü, vallah… Daha nə deyəsən?

 

Fətəli Xan Xoyski bu sorğuya da cavab verərək bildirir: «Mən bu barədə Hacıqabulda duran əsgərlərimizin komandanına teleqram çəkərək istihzah etdim, cəvab gəldi ki, əsgərlər tərəfindən belə bir iş görülməmişdir. Qəzetlərdə belə bir xəbər də vardı ki, 13 ermənini vaqondan çıxararaq güllələmişlər, Qriqoryan adlı birisi qaçıb qurtarmışdır. General Tomson da bu barədə mənə yazmışdı (Yenə eyni münasibətdir. Ermənilərlə bağlı istənilən ən kiçik və hətta yanlış xəbərə adekvat reaksiya, türklərlə bağlı həqiqi qırğınlara isə laqeydlik  – İ.Tumas). Dərhal Daxiliyyə naziri, qubernatoru, erməni milli şurası nümayəndəsi və haman Qriqoryan Hacıqabula göndərildi, amma qatil dediyi adamları tanıya bilməmişdir. Məlum olub ki, bu şayiə həqiqətə uyğun deyildir».

 

Əvvəldə dediyimiz kimi, parlament fəaliyyətə başlayanda ruslar və ermənilər iclaslara gəlməkdən imtina eləsələr də, bir müddət sonra onlar da parlamentin işində iştirak eləməyə məcbur olmuşdular. Sonradan bu cür ağlı başına gələnlərin sırasında Bakı İnqilab Komitəsi də vardı. Belə ki, 1919-cu il yanvar ayının 29-da Bakı İctimaiyyun-İnqilabiyyun komitəsi parlamentdən onlara 5 məbusan yeri verilməsini hətta tələb edir! Bu müraciətin altında Zaqafqaziya İnqilab Komitəsinin Bakı mürəxissləri adından maraqlı-maraqlı, əndrəbadi adamların imzaları durur: Dimitr Sərxalıyev, Sako Saakyan, Xristofor Yevanqulov və L.Umanski… Bunlar da Bakının inqilab komitəsinin mürəxissləri...

 

Parlament bu məsələylə bağlı müzakirə aparır və görünəni budur ki, əksəriyyət onlara yer verilməsinə etiraz edir. Ancaq Məhəmməd Əmin Rəsulzadə bildirir: «Biz o nikbinlərdən deyilik ki, deyək hamı bir dərəcədə bizimlə bərabər Azərbaycan əməlini müdafiə edəcəkdir. Fəqət istərdik ki, fəaliyyətimizi tənqid, hərəkətlərimizə etiraz edənlər parlament xaricində olmayıb, parlament kürsüsündən tənqid etsinlər və buradan cavablarını alsınlar».

Bundan sonra məlum məsələnin müzakirəsi etibarnamə komisyonuna tapşırılır.

 

Məhəmməd Əmin əsl demokrat olsaydı...

 

1919-cu ilin 4-6 fevral tarixlərində keçirilən 12, 13, 14-cü iclaslar əsasən fəhlələrin və kəndlilərin durumları, ticarət nazirinə ünvanlanmış bez, neft və buğda haqda sorğular ətrafında müzakirələri əhatə eləyir. Söhbət Tağıyevin fabrikindən çıxan bezin, çıxarılan neftin, buğdanın qiymətlərindən gedirdi. Bu iclaslarda daha çox fəallıq yenə sosialistlər, əsasən də Səməd Ağa Ağamalıoğluna, İbrahim Əbilova, Əhməd Cövdətə məxsusdur. Artıq elə çıxışların da şahidi oluruq, elə bil bir neçə ay öncə Cümhuriyyəti alqışlayan bu insanlar deyilmişlər. Əvvəlcə cənab Ağamalıoğlunun çıxışlarından bəzi hissələrə nəzər yetirək ki, problemlərdən hali olaq: «Nəzarətin siyasəti elə olmalıdır ki, xalqa ondan zərər dəyməsin. Ancaq bu siyasət xalqı qorxuda saxlamaq siyasətidir. Bu siyasətin ibtidasını o ağalar qoydular ki, indi də gedir. Bəli, biz burada yoxuyduq, ancaq eşidirdik ki, türklər ağır yumruqlarını fəhlə və kəndlilərin üzərinə qoyub onları sıxmışlar. Türklərin zamanında qoyulan siyasət bizim hürriyyət və istiqlalımıza ziddir. Şimdi məndən soruşa bilərsiniz ki, hökumət pis idisə nə üçün sosialistlər onu qəbul etmişlərdir. Çünki baxdıq gördük ki, hər tərəfdən işlər fənadır. Ancaq indi demək istəyirəm, məmurlar belə zənn edirlər ki, qüvvəni quldurlarda, qaçaqlarda, adam öldürənlərdə tapmaq olar. Camaat qulduru hökumət yanında görəndə hökumətin zəifliyinə istinad edirlər. Avropada adətdir bir adamı qulluğa qəbul eləyəndə ondan attestat istəyirlər. Bizim də attestatımız oğurluq-quldurluq, adam öldürməkdir. Bəzi yerlərdə şimdi bir adət var. Hər kəs şikayət etsə, onu döyürlər, xüsusən qulluqçudan heç vaxt şikayət etmək olmaz. Bir də Nikolay vaxtında heç hürriyyət olmayan zaman yenə bir kəndxuda seçkisi vardı. Şimdi bu da götürülmüşdür. Mən Qazaxda olanda yüzbaşı məsələsi vardı. Dedim yüzbaşınız pisdirsə, yenisini seçin. Dedilər ki, necə seçək, neçə min manat alıb Mahmudu təyin ediblər».

 

Digər sosialist İbrahim Əbilov isə Məhəmməd Əmin Rəsulzadəni tənqid eləyərək bildirir: "Səməd ağanın Müsavata bir balaca toxunmasına cavabən söylədiyi nitqində Məhəmməd Əmin Rəsulzadə cənabları Müsavatın demokratik firqə olduğunu deyərək bildirir ki, kəndlərdə siyasi firqələr şöbələri açaraq bu vasitə ilə nöqsanların önünü almaq lazımdır. Şöbə açılsın, ancaq məzkur əzasının hər gecə birisinin quldur vasitəsilə boğulub öldürülməyəcəyinə əmindirmi? Məhəmməd Əmin əsl demokrat olsaydı, deməliydi ki, bu yolsuzluqların önünü almaq üçün o yerlərdə idarələr dəyişik demokratik üsulla zemstvolar açılsın...".

 

Sosialist Əhməd Cövdət də çıxışını Osmanlıdakı üsuli-idarənin tənqidi üzərində qurur və türk şari Mehmet Emindən "göylərində iniltili qəlpələr, hörümçəkli boş xanələr, dağlarında dönməz olmuş dəyirmanlar, soyğun vermiş karvanlar" misralarını sitat gətirərək "bir şair bunları deyirsə, hansısa siyasi firqənin bunu deməsi yanlışlıqdırmı" deyə sual edir.

 

Xan qəzəblənir...

 

Bütün bu iradlara əsasən iki nəfər - Məhəmməd Əmin Rəsulzadənin və Fətəli Xan Xoyskinin cavablarını oxuyanda bu iki insanın bilgisinə, məntiqinə və ədalətinə, həmçinin dövlətçilik təfəkkürlərinə heyran qalmamaq mümkün deyil.

 

Məhəmməd Əmin Rəsulzadə bildirir: "Bunların nitqlərinin ruhundan belə anlaşılır ki, biz özümüzü idarə etməyə, müstəqil olmağa layiq deyilmişik. Mən bütün vicdanımla buna protesto edirəm. Bizim şimdi giriftar olduğumuz hal yalnız Azərbaycan deyil, yalnız Ermənistan və Gürcüstan deyil, hətta sabiq Rusiya ərazisində təşkil etmiş dövlətlərdə deyil, əskidən bəri müstəqil yaşayıb özlərini idarə eləməyə adət eləmiş olan böyük cahan dövlətləri belə aləmşümül müharibə nəticəsi olaraq halını qeyb etmişdir. Əlbəttə, mən o iddiada deyiləm ki, bizim hər işimiz mükəmməldir. Amma bunu deyirəm ki, o dərəcə kamalda deyilsə, təqsir yalnız hökumətdə deyil, bizdə də var".

 

Rəsulzadənin şeirlə sitat gətirən Əhməd Cövdətə cavabı isə başqa aləmdir: "Əhməd bəy cənablarının buyurduğu və şeirini sübut gətirdiyi Mehmet Emin bəy cənabları düşkün türk millətinin kəndilərinin halını ağlamaqla bərabər kəndisi də eyni zamanda Məclisi-Məbusan əzasından biridir və lazım bilsəydim ərz edərdim ki, Əhməd bəyin oxuduğu şeir şimdiki hökumətə deyil, Əbdülhamid istibdadı əleyhinə yazılmışdır və Əhməd bəyin bəyənmədiyi hökuməti icraatını təsvib edib".

 

Beləliklə, əsasən hökumətin tənqidi üzərində qurulan bu çıxışlar yekunlaşır və söz Baş nazir Fətəli Xan Xoyskiyə verilir. Xan Xoyskinin çıxışından bəzi hissələri şərhsiz təqdim eləməklə, duruma özünüzün qiymət verməyinizi daha məqbul hesab edirəm...

 

Xoyski deyir: "Mən o vaxt sizə dedim ki, əgər biz bu vəzifəni öhdəmizə götürürüksə, sizin sədaqətinizə arxalanırıq. Əgər hiss eləsəm ki, bu sədaqət yoxdur, bir dəqiqə də bu hökumətin başında durmaram. Bu elə bir zamandır ki, gərək hökumətə deyəsən ki, filan işdə səhv var, gəl biz də sənə kömək edək düzəldək. Belə olsa, hökumət üçün köməkdir. Mən elə bilirəm ki, heç hökumət ilə özgə dil ilə danışmaq olmaz və hökumət də qəbul eləməz ki, danışılsın. Mənim, yoldaşlarım burada puldan ötəri, yaxud ixtiyardan ötərimi əyləşmişlər? Ayə bu, müqəssirlər skamyasıdır ki, hərə gəlib bir söz desin, bir ləkə yapışdırsın? Aya bizim tərəfimizdən böyük fədakarlıq, millətə böyük xidmət deyilmidir ki, öz səlamətliyimizi, bu saat bazarlarda danışılan təmiz adımızı və rahatlığımızı millətə fəda edərək bu skamyalarda əyləşiriz, hərə bir söz deyir, hətta ixtiyarımız yoxdur onlardan bir qədər ehtiramla davranmağı tələb edək? Doğrudur, çox şeylər olub, nəzarətlərdə qüsurlar olub, məmurlar rüşvət almışlar, bəzi üsulsuzluqlar olur, bunların heç birini gizləyən, pərdələyən yoxdur. Məsələ sorğunun mahiyyətindəndir. Heç bir şey göstərmədən sorğu verəsən, hökumətdən cavab aldıqdan sonra başlayasan ki, xeyir, belə deyildir, elədir, filan-filan... Bu, sorğu deyil, cibində daş gizlətməkdir ki, qəflətən hökuməti vurasan. Siz bilirsiniz ki, Azərbaycanın istiqlalı təhlükədədir. Belə mühüm zamanlarda hökumət işlərini Tağıyev fabrikasının bezi ilə ölçmək olarmı? Sanki belə bir səvab mərhəmət etmişlər, elə bil biz öz kafimizlə buraya gəlmişik, bizə deyirlər ki, bu dəfə dəyişmirik, gələn səfər belə qələt etsəniz görərsiniz nə edərik... Aya, bu olar? Mənim qulağıma yetişdiyinə görə, parlament üzvlərinin birisi digərinə deyib ki, hətta Biçeraxov və Denikinin köməyi ilə də olsa, bu hökuməti yıxacağam . Lazım gəlsə, o adamın adın da deyə bilərəm. Aya, bilirsiniz Biçeraxov kimdir, Denikin kimdir? Bunlar o adamlardır ki, Azərbaycanın adını da çəkməyə qoymazlar. Hökumət ilə süpürüşmək istəyən bu cür adamlar parlamentdə otura bilərmi?.."

 

Bax belə... Xan Xoyskinin bu çıxışı dəfələrlə alqışlarla qarşılanır və Baş nazir çıxışını belə yekunlaşdırır: "Hökumət ilə parlament arasında qeylü-qal çıxarmaq vaxtı deyil. Belə qorxulu zamanda dalğalar arasında bulunan qayığımızı bir tövr salamata çıxaraq ki, məqsədlərimizə müvəffəqiyyətlə nail ola bilək". 

 

Yox, şərh yazmayacağıma söz versəm də, deməsəm, ürəyim partlayar... Baş Nazir belə olar!

 

(Davam edəcək)

 

İlham Tumas

[email protected]

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10584
avatar

İlham Tumas

Oxşar yazılar